www.science.az
02.02.2017 17:23

Gənclər Günü münasibətilə Dilçilik İnstitutunun bir qrup əməkdaşı mükafatlandırılıb

Fevralın 2-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları və institut rəhbərliyi II Fəxri xiyabanda tananınmış dilçi alim, akademik Ağamusa Axundovun məzarını ziyarət ediblər.

Qeyd  edək ki, bu gün akademik A.Axundovun anadan olmasının 85-ci ildönümü tamam olur. Gənclər öz sələfləri Ağamusa Axundovun xatirəsini yad edərək, dilçi alimin məzarı üstünə əklil qoyublar.

Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, dövlətçiliyimizin, müstəqilliyimizin daha da möhkəmləndirilməsində gənclərin rolundan bəhs edib.

M.Nağısoylu ölkəmizdə fevralın 2-nin Gənclər Günü elan olunması tarixinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladıb. Bildirib ki, məhz ümummilli liderin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulub. 1996-cı il fevralın 2-də ulu öndərin dəstəyi ilə Gənclərin Birinci Forumu keçirilib, 1997-ci ildən isə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlayıb.

Daha sonra çıxış edən institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Cahid Kazımov ölkəmizdə dövlətçilik amallarına, milli-mənəvi və bəşəri dəyərlərə sadiq Azərbaycan gəncliyinin formalaşdığını bildirib: “Hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi, məsuliyyəti dərk edir. Azərbaycan gəncliyi sürətli inkişafa meyillidir. Bu reallıqların əsasında dayanan dövlətin gənclər siyasəti, onlara maddi və mənəvi cəhətdən göstərdiyi qayğıdır”. 

Sonra institutun bir qrup gənc alimi səmərəli elmi fəaliyyətlərinə görə Fəxri Fərmana layiq görülüblər. Həmçinin bu müəssisənin Həmkarlar Təşkilatı institutun ictimai həyatında fəal iştirakına görə bir qrup əməkdaşı “Təşəkkürnamə” ilə təltif edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.