www.science.az
07.10.2016 16:49

AMEA-nın I spartakiadasının qalibləri mükafatlandırılıb

Məlum olduğu kimi, sentyabrın 19-dan oktyabrın 7-nə kimi Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Akademiyanın 15 institutu arasında dama, şahmat, stolüstü tennis və futbol üzrə I spartakiada keçirilib.

Oktyabrın 7-də AMEA-nın I spartakiadasının bağlanış və mükafatlandırma mərasimi keçirilib.

Mükafatlandırma mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə qalibləri təbrik edib, birinci ildir keçirilən spartakiadanın əhəmiyyətindən və Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından söz açıb. Ölkəmizdə bu sahənin, xüsusən də idman mədəniyyətinin gündən-günə daha sürətlə inkişaf etdiyini söyləyən AMEA-nın rəhbəri respublikamızın bütün rayon və şəhərlərində müxtəlif idman obyektlərinin inşa edilməsini dövlətimizin bu sahəyə diqqət və qayğısının parlaq nümunəsi kimi dəyərləndirib.

Sentyabrın 28-də Fizika İnstitutunda dama yarışlarının final oyunları baş tutub. Spartakiadanın nəticələrinə görə, qadınlar arasında keçirilən yarışda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun təmsilçisi İncə Məhərrəmova 1-ci yerə, İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Xəyalə Əbdülhüseynova və İlahə İsmayılzadə müvafiq olaraq, 2 və 3-cü yerlərə layiq görülüblər.

Kişilər arasında keçirilən yarışda isə Fizika İnstitutunu təmsil edən Sakin Cabbarov 1-ci, İdarəetmə Sistemləri İnstitutundan Şahin Baxşıyev 2-ci, Radiasiya Problemləri İnstitutunun əməkdaşı Yadigar Cəfərov 3-cü yerə sahib olub.

Spartakiadada stolüstü tennis üzrə yarışlar Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydalarına uyğun olaraq keçirilib. Spartakiadanın nəticələrinə görə, oğlanlar arasında 1-ci yerə AMEA İnformasiya Texnologiyaları İnstitutunun təmsilçisi Qurban Qurbanov layiq görülüb. Fizuli Bayramov (Fizika İnstitutu) və Tural Mustafayev (İnformasiya Texnologiyaları İnstitutu) müvafiq olaraq, 2 və 3-cü yerləri bölüşüblər.

Qadınlar arasında keçirilən yarışda isə Fizika İnstitutunun təmsilçisi Sevda Qəribova 1-ci, Səidə Məmmədova (Fizika İnstitutu) 2-ci, Lalə Piriyeva (Respublika Seysmoloji Xidmət Mərkəzi) 3-cü yerə sahib olub.

Spartakiadanın şahmat yarışlarında qadınlar arasında İlahə Məmmədova (Fizika İnstitutu) I yerə, Yeganə Əşrəfova (İdarəetmə Sistemləri İnstitutu) II yerə, Afina Əliyeva (Neft-Kimya Prosesləri İnstitutu) isə III yerə layiq görülüb.

Futbol yarışlarının nəticələrinə əsasən isə Geologiya və Geofizika İnstitutunun komandası I yeri, Fizika İnstitutunun komandası II yeri, Genetik Ehtiyatlar İnstitutunun komandası isə III yeri tutub. Yarışlar milli və beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.