www.science.az
08.05.2015 08:56

“Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” kitabının təqdimatı olub

AMEA Naxçıvan Bölməsində bu qurumun Bioresurslar İnstitutunun əməkdaşları tərəfindən hazırlanan “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq yeni çapdan çıxmış nəşri Naxçıvanın dərman bitkilərinin öyrənilməsi baxımından dəyərli mənbə kimi qiymətləndirib. Bildirilib ki, kitab bölmənin Bioresurslar İnstitutunun Elmi Şurasının iclasında müzakirə edilmiş, Naxçıvan Bölməsi Rəyasət Heyətinin 1 may 2014-cü il tarixli qərarı ilə nəşr edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş kitab “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən nəşr olunmuşdur.  Qeyd edilib ki, bölmənin Bioresurslar İnstitunun direktoru,  akademik Tarıyel Talıbovun rəhbərliyi ilə tərtib olunan kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Elşad Qurbanovdur.

Sonra Naxçıvan Dövlət Universitetinin Botanika kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru Hilal Qasımovun “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə dəyərli töhfə” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Qadir Qədirzadə və Bioresurslar İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Salayeva çıxış edərək kitabın əhəmiyyətindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir