Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

24.09.2018 09:55
  • A-
  • A
  • A+

Fransalı alim Şabran rayonundakı Çaqqallıqtəpə abidəsində aparılan qazıntılarla tanış olub

Fransalı alim Şabran rayonundakı Çaqqallıqtəpə abidəsində aparılan qazıntılarla tanış olub

Sentyabrın 23-də Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) professoru Bertille Lyonnett AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran arxeoloji ekspedisiyasının rəhbəri, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun Çaqqallıqtəpə (Şabran rayonu) ilk tunc dövrü abidəsində apardığı tədqiqatlarla tanış olub. Ekspedisiyanın rəhbəri S.Aşurov abidədə aparılan tədqiqatlar və əldə olunmuş ilkin nəticələr barədə fransalı həmkarına geniş məlumat verib. Bildirib ki, ətraf ərazilərdə kəşfiyyat xarakterli qazıntılar Kür-Araz arxeoloji mədəniyyətinə aid daha bir neçə ilk tunc dövrü qədim yaşayış məskəninin olması barədə ehtimalın irəli sürülməsinə əsas verir.

Qeyd edək ki, eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidəsinin tədqiqatları ölkə ərazisində Xəzər sahili istiqamətində ilk tunc dövrü Kür-Araz arxeoloji mədəniyyətinin yayılma sərhədlərini bir qədər də genişləndirərək, yeni baxışların formalaşmasına əsas yaradıb.

Görüşdə sözügedən abidənin tədqiqatları, əldə olunmuş materialların müxtəlif çeşidli analizləri və digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Daha sonra professor B.Lyonnett Şabran arxeoloji ekspedisiyasının orta əsr Şabran şəhəri ərazisində aparılan son tədqiqatların nəticələri ilə tanış olub. Fransalı alimi səfərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları - tarix üzrə fəlsəfə doktorları Xəqani Alməmmədov, Fərhad Quliyev, Bəxtiyar Cəlilov və institutun mətbuat katibi Pərviz Qasımov müşayət ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: