AMEA Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları aprelin 22-də Bakı şəhərindən 76 km cənub-qərbdə yerləşən Torağay palçıq vulkanının püskürməsi ilə bağlı çöl-tədqiqat işləri aparıblar.
Şamaxı-Qobustan neftli-qazlı rayonunun cənubunda inkişaf tapmış bu vulkan marfometrik göstəricilərinə görə dünyanın ən nəhəng palçıq vulkanı sayılır. Vulkanın mütləq hündürlüyü 400 m-dən bir qədər yüksək, oturacağının ölçüləri 3,8 x 2,9 km təşkil edib.
Tədqiqatlar zamanı məlum olub ki, Torağay palçıq vulkanının püskürməsi iki fazada (ilkin faza saat 7:58, sonuncu isə 9:45 radələrində) baş verib. Fazaların biri vulkanın şərqində yerləşən eruptiv kanalla əlaqədar olub, digər püskürmə isə qərbdə qeydə alınıb. Püskürmə nəticəsində Torağayın cənub-qərb yamacı boyu əmələ gələn vulkan dilinin uzunluğu 1 km-dən artıq olub. Hər iki püskürmə vulkanın krater sahəsində uzun radial çatlar əmələ gətirib. Vizual qiymətləndirmələrə görə, püskürmə ilə əlaqədar əmələ gələn alov sütunlarının hündürlüyü 400 m-ə çatıb.
İnstitut alimləri son illər Azərbaycan ərazisində müşahidə olunan püskürmələrin sayında və miqyasında qeydə alınan göstəriciləri regionda baş verən geodinamik gərginliklə əlaqələndirirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.