www.science.az
02.03.2018 10:34

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Açıq qapı” günü keçirilib

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda gənclərin elmi potensialının yüksəldilməsi məqsədi ilə “Açıq qapı” günü keçirilib.

“Açıq qapı” günündə Bakı Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri və Hədəf Tədris Mərkəzinin şagirdləri iştirak ediblər.

Əvvəlcə tələbələr institutun kitabxanası, Torpaq muzeyi və laboratoriyaları ilə tanış olublar.

Daha sonra ali məktəb tələbələrinin iştirakı ilə elmi seminar keçirilib. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev rəhbərlik etdiyi müəssisənin tarixi və fəaliyyət istiqamətləri barədə gənclərə məlumat verib.

Tədbirdə institutun Torpaqların meliorasiyası laboratoriyasının rəhbəri, a.e.d. Mustafa Mustafayev “Torpaqların şorlaşma prosesi və onlarla mübarizə yolları” adlı məruzə ilə çıxış edib. Alim respublika torpaqlarında şorlaşma və şorakətləşmə proseslərinin yaranma səbəbləri, dərəcələrinə görə arealları barədə danışıb,  onların yaxşılaşdırılması məqsədilə aqromeliorativ və aqrotexniki tədbirlər sistemlərinin tətbiqinin zəruriliyini vurğulayıb.

Sonda ölkə ərazisində şorlaşmış və şorakətləşmiş torpaqlar, onların növləri, yaxşılaşdırılması yollarına dair videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.