www.science.az
30.11.2017 09:47

“Dünya dillərində homogen sözlər” adlı monoqrafiya nəşr olunub

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmlinin “Dünya dillərində homogen sözlər” monoqrafiyası “Xəzər Universiteti” nəşriyyatında çapdan çıxıb.

Monoqrafiyada dünya dillərindəki homogen söz kökləri tədqiq olunub. Kitabda Azərbaycan dilçiliyində ilk dəfə üç yüzə yaxın dilin analoji söz kökləri müqayisə edilib. Əsərdə dünya dillərində homogen söz kökləri müqayisəli-tarixi, müqayisəli-tipoloji metodlarla müəyyənləşdirilib, onların arxetipləri bərpa olunub. Monoqrafiya Azərbaycan dilçiliyində nostratika mövzusunda yazılmış ilk fundamental araşdırmadır.

Monoqrafiyanın elmi redaktoru, mərhum akademik, dünya şöhrətli türkoloq Tofiq Hacıyev, rəyçiləri isə professorlar Həbib Zərbəliyev, Əzizxan Tanrıverdi və filologiya elmləri doktoru İlham Tahirovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.