www.science.az
27.10.2017 14:28

İnteraktiv dərsdə şagirdlərə Günəş sistemi barədə məlumat verilib

AMEA-nın Naxçıvan Bölməsi ilə Naxçıvan Muxtar Respublikasının 192 ümumtəhsil məktəbi arasında təşkil olunan interaktiv açıq dərsdə Günəş sisteminin kiçik cisimlərindən bəhs edilib.

“Günəş sisteminin kiçik cisimləri” mövzusunda keçirilən dərsdə bölmənin Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev bildirib ki, planetlər və onların peykləri, asteroidlər və kometalar Günəş sistemini təşkil edirlər. Günəşin digər ulduzlara nisbətən daha parlaq və böyük görünməsinin səbəbi onun bizə həddindən artıq yaxın olmasıdır.

Məlumat verilib ki, Günəş sisteminin cisimləri 2 qrupa ayrılır. İri cisimlərə planetlər, kiçik cisimlərə isə kometlər, asteroidlər, planetlərin təbii peykləri, meteoritlər və Koyper cisimləri aiddir.

Şagirdlərin diqqətinə çatdırılıb ki, kometlər xalq arasında quyruqlu və saçaqlı ulduzlar kimi də tanınır. Çünki kometlər Günəşə yaxınlaşanda onların milyon kilometrlərlə uzanan və adi gözlə görünən “quyruqları” əmələ gəlir. Buna görə də kometlər Günəş sisteminin kiçik cisimləri arasında yeganə adi gözlə müşahidə oluna bilən səma cisimləridir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.