www.science.az
05.10.2017 16:17

Azərbaycanın riyaziyyatçı alimləri Astanada Türk Dünyası Riyaziyyat Cəmiyyətinin VI Konqresində iştirak ediblər

Oktyabrın 2-dən 5-dək Qazaxıstanın paytaxtı Astanada Qumilyov adına Avrasiya Universitetində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) VI Konqresi keçirilib.

Tədbirdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, TDRC-nin vitse-prezidenti, akademik Fikrət Əliyev “İdentifikasiya məsələlərinin həlli üçün alqoritm və onların neft məsələlərinə tətbiqi” və "2015-2017-ci illərdə Azərbaycan riyaziyyatçılarının ən yaxşı elmi işləri” mövzusunda məruzələrlə çıxış edib.

Konqresdə, həmçinin Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri, professor Araz Əliyev, Tətbiqi Riyaziyyat İnstitutunun direktor müavini Nailə Vəliyeva, Tərs məsələlər və qeyri-xətti tənliklər şöbəsinin müdiri Etibar Pənahov və elmi katib Nərgiz Səfərovanın məruzələri dinlənilib.

Altıncı konqres çərçivəsində Qazaxıstan Elmlər Akademiyasının akademiki M.Otelbayevin 75 illik yubileyi də qeyd olunub. Bu münasibətilə keçirilən iclasda Fikrət Əliyev yubilyarı “TDRC-nin Nəzəri və Tətbiqi Riyaziyyat” jurnalının redaksiya heyəti adından təbrik edib.

Akademik F.Əliyev TDRC-nin idarə heyətinin iclasında da iştirak edib. İclasda cəmiyyətin növbəti konqresinin 2020-ci ildə Daşkənd şəhərində keçirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.