www.science.az
24.04.2017 11:26

“Dilçilikdə Ağamusa Axundov fenomeni” kitabı çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin rəhbəri, filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın “Dilçilikdə Ağamusa Axundov fenomeni” kitabı çapdan çıxıb.

Kitab Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Ağamusa Axundovun zəngin elmi yaradıcılığına və mənalı həyat yoluna həsr olunub. 

Kitabda akademik Ağamusa Axundovun dilçiliyin ən mühüm problemlərinə - fonetikaya, bədii tərcüməyə, orfoqrafiyaya, nitq mədəniyyətinə, ümumi dilçiliyə aid əsərləri, dövlət dilinə aid mətbuat səhifələrində tez-tez dərc olunan müsahibələri, fundamental əsərləri təkcə respublikamızın elmi ictimaiyyəti tərəfindən deyil, dünyanın bir sıra görkəmli alimləri tərəfindən də maraqla qarşılanıb, dünya dilçiliyində və türkologiyada yeni bir hadisə kimi yüksək qiymətləndirilib. Müəllifin fonetikaya, qrammatikaya, ədəbi dilə, dilin poetikasına, nitq mədəniyyətinə, etimologiyaya, onomastikaya, ümumi dilçiliyə, dilçilik nəzəriyyəsinə aid əsərləri dilçiliyimizin qızıl fondu hesab edilir.

Alim Azərbaycan dilçiliyinin müxtəlif sahələrinə həsr edilmiş coxşaxəli yaradıcılığı, yenilikçiliyi ilə diqqət mərkəzində olub, Azərbaycan dilçiliyinə yeni anlayışlar gətirib və novator tədqiqatların müəllifi olub. “Azərbaycan dilində feilin zamanları” mövzusunda yazdığı namizədlik dissertasiyası, daha sonra çoxşaxəli yaradıcılığı, onun qələmindən çıxan bütün tədqiqatlar alimə uğurlar gətirib, ancaq A.Axundovun yaradıcılığının şah əsəri “Azərbaycan dilinin fonemlər sistemi” monoqrafiyasıdır. Alim ilk dəfə Azərbaycan dilinin fonetik sistemini eksperimental təhlil əsasında ümumiləşdirib, nəzəri səviyyədə təqdim edib. Ömrünü xalqının elminə, maarifinə, təhsilinə həsr etmiş bu böyük insan öz zəngin yaradıcılığı ilə dilçiliyimizdə yeni bir cığır açıb. O, dilçiliyin bütün sahələrinə aid sanballı elmi əsərlərin, araşdırmaların müəllifi kimi tanınmış, xüsusilə, nəzəri dilçilik, fonetika, qrammatika, etimologiya, dil tarixi və dialektologiya, üslubiyyat və nitq mədəniyyəti sahəsində zəngin yaradıcılıq irsi qoyub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.