www.science.az
03.04.2017 16:06

“Azərbaycanlıların soyqırımı” adlı kitabın təqdimatı keçirilib

3 aprel 2017-cı il tarixində AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycanlıların soyqırımı” adlı kitabın təqdimatı keçirilib. Tədbir Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) birgə təşkilatçılığı ilə gerçəkləşib.

Ötən il keçirilmiş “31 mart azərbaycanlıların soyqırımı günüdür” mövzusunda elmi-praktiki konfransın məruzələri əsasında hazırlanan kitabda ADPU-nin professor, müəllim və tələbələrinin, tarixçilərin konfransdakı çıxışları, mövzulara aid xeyli fotoşəkil toplanmışdır.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, dövlət qurumlarının nümayəndələri, Milli Məclis üzvləri, elm, təhsil, incəsənət və din xadimləri, veteranlar və ictimaiyyətin, rayondakı ali məktəblərin pedaqoji kollektivləri iştirak edib.

Tədbirin əvvəlində iştirakçılar və qonaqlar rayon məktəblilərinin və gənc rəssamların soyqırımla bağlı çəkdikləri rəsmlərin sərgisi ilə tanış olub.

Tədbiri qiriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd etdi ki, Azərbaycan xalqı XX əsrdə bir neçə dəfə soyqırımlara məruz qalmışdır. Uzun illər azərbaycanlıların əzəli torpaqlarına sahib çıxmaq və burada “Böyük Ermənistan” yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları 1918-ci ildə Azərbaycanın müxtəlif bölgələrində minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv etmiş, milli, dini abidələri dağıtmışlar. Daha sonra çıxış edən YAP-ın Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, professor Cəfər Cəfərov da erməni terrorizminin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülmüş işlər barədə danışmışdır.

Akademik Nailə Vəlixanlı da tarix boyu Azərbaycan xalqına qarşı edilmiş təcavüz faktları haqqında danışaraq təqdim olunan kitabın uzun illər boyunca erməni terrorçularının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımların dərindən və hərtərəfli öyrənilməsində mühüm əhəmiyyətə malik olduğunu bildirdi. N.Vəlixanlı qeyd etdi ki, Muzeyin ekspozisiya zallarında soyqırım mövzusu ilə bağlı nümayiş olunan eksponatlar gənclərin, xarici qonaqların tariximizi daha dərindən öyrənmələri, onların maarifləndirilməsi istiqamətində mühüm rol oynayır.

Tədbirin sonunda Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tədbirin keçirilməsinə şərait yaratdıqlarına görə muzey rəhbərliyinə öz təşəkkürünü bildirdi və təqdimatı keçirilən “Azərbaycanlıların soyqırımı” adlı kitabı muzeyə hədiyyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir