Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub
31.10.2016 12:47
  • A-
  • A
  • A+

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin “Naxçıvanda qədim Xaçmatak türkləri” mözusunda elmi məruzəsi dinlənilib. Məruzədə Naxçıvan Muxtar Respublikası ərazisində qədim Xaçmatak türkləri ilə bağlı məntəqə adları, onların tarixi və Naxçıvan ərazisində bu tayfaların eramızdan əvvəl ikinci minillikdə yaratdığı mədəniyyət nümunələrindən bəhs olunub.

İclasda, həmçinin AMEA Naxçıvan Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasının hesabatı dinlənilib.

Daha sonra elmi-təşkilati məsələlər barədə çıxış edən akademik İsmayıl Hacıyev tədqiqatların daha da artırılması, yeni elmi istiqamətlərin müəyyənləşdirilməsi, tədqiqat işlərinin davamlı və sistemli xarakter almasına diqqət yetirilməsi istiqamətində bölmə institutlarının direktorlarına müvafiq tapşırıq və tövsiyyələrini verib. O, həmçinin bölmə əməkdaşlarının respublika və xarici ölkələrin elm, təhsil müəssisələri ilə əlaqələrinin gücləndirilməsi məsələsinə də toxunub.

Tədbirdə elmi-tədqiqat müəssisələrinin fəaliyyətləri haqqında bölmənin Təbii Ehtiyatlar İnstitutunun elmi katibi Əhməd Qarayev, Bioresurslar İnstitutunun elmi katibi Ənvər İbrahimov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi Ramiz Qasımov ətraflı məlumat verib.

İclasda, həmçinin bölmənin Rəyasət Heyətinin qərarı ilə filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayev bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onamastika, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyeva Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azad Məmmədli isə Batabat Astrofizika Rəsadxanasının Səma cisimlərinin fotometriyası şöbələrinin müdiri vəzifələrinə təyin olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: