www.science.az
09.03.2016 17:08

AMEA-da reklamların dili ilə bağlı elmi-praktiki konfrans keçirilib

Martın 9-da AMEA-nın Əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq “Reklamlarda dil və üslub problemləri” mövzusunda elmi-praktiki konfrans keçirib.

Tədbirdə institutun direktoru v.i.e., AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu Dövlət Proqramının icrası ilə bağlı görülən işlərdən söz açıb. Bildirib ki, Proqramın məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir. Dilin inkişafı təkcə yazıçı, publisist və yaxud dilçi alimlərdən asılı deyil. Dövlət dili bütün qurumlarda, radio və televiziyalarda, müxtəlif kütləvi informasiya vasitələrində, dövlət qurumlarında, şəxsi ünsiyyətdə işlənməlidir. Hər bir vətəndaş öz nitqinə nəzarət etməlidir. Bu sahədə ilk növbədə televiziyaların, burada çalışan insanların üzərinə böyük məsuliyyət düşür. Çünki insanlar daha çox televiziyalardan məlumat alır və bəzən burada olan yanlışlıqları da düzgün hesab edirlər, çünki televiziyada eşitdiklərini ədəbi fakt kimi qəbul edirlər. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı, qorunması, elektron məkanda daha geniş istifadəsi və ölkədə dilçiliyin inkişaf etdirilməsi mexanizminin yaradılması proqramın əsas vəzifələrindəndir. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiqlənmiş bu Dövlət Proqramı çox qiymətli və mühüm sənəddir.

İnstitutun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli ədəbi dilin müxtəlif sahələrdə işlənməsi zamanı yaranan mövcud problemlər və yol verilən xarakterik nöqsanlar, eləcə də “Qaynar xətt”in reklamların dilindəki norma pozuntuları barədə məlumat verib. O, bu nöqsanların qarşısının alınması istiqamətində monitorinqlərin əhəmiyyətini xüsusi qeyd edib.

Konfransda “Müasir kommunikasiya sistemində reklamların yeri, dilə və kulturoloji proseslərə təsiri”, “Reklamlarda tərtibat problemləri”, “Yazılı mətbuatda, televiziya və radioda reklamların dil özəllikləri”, “Küçə reklamları və afişalarda dil normalarının pozulması”, “Multimedia şəbəkəsi və reklam dilinin aktual problemləri”, “Reklam dilində tərcümədən irəli gələn dil qüsurları” mövzusunda məruzələr dinlənilib.

Məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Mövcud nöqsanların aradan qaldırılması ilə bağlı bır sıra təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.