www.science.az
13.11.2015 09:20

AMEA-nın 70 illiyinə gənc alimlərdən daha bir töhfə

Bu ilin sentyabr ayında start götürən və AMEA Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı və Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə AMEA-nın 70 illiyinə həsr olunan institutun doktorantları arasında “Ən yaxşı elmi-tədqiqat işi” müsabiqəsinə təşkilatın 20-yə yaxın gənc alimi müraciət edib və Espert Komissiyası tərəfindən 9 doktorantın elmi-tədqiqat işi finala layiq görülüb.

Noyabrın 12-də institutda elmi müsabiqənin final mərhələsi baş tutub. Tədbiri giriş sözü ilə açan bu elmi müəssisənin direktoru, professor Oqtay Səmədov Akademiyada yubiley münasibətilə təşkil olunan tədbirlərdən danışaraq, qeyd edib ki, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası da ümumi missiyaya layiqli şəkildə qoşulması sevindirici haldır. Gənc doktorantlar arasında keçirilən belə müasabiqələrin əhəmiyyətindən söz açan O.Səmədov Şuranın fəaliyyətini yüksək qiymətləndirib, finalçılara uğurlar arzulayıb.

Bundan sona müsabiqənin şərtlərinə uyğun olaraq, finalçılar fərdi şəkildə təqdim etdikləri işlərin aktuallığı, elmi-praktiki əhəmiyyəti və alınan nəticələrlə bağlı çıxış ediblər. Ekspert Komisiyasının qiymətləndirilməsi əsasında müsabiqənin qalibləri məlum olub. Belə ki, elmi müsabiqənin qalibi Ülviyyə Quliyeva, ikinci və üçüncü yerlərin sahibləri isə Günel Qocayeva və Murad Cahangirov olublar.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvlərinin də iştirak etdiyi tədbirdə institutun direktoru müsabiqənin iştirakçılarına müvafiq sertifikat, diplom və pul mükafatlarını təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir