www.science.az
20.05.2015 09:01

“Məxdumqulu Fəraqi dostluq və həmrəyliyin tərənnümçüsüdür" mövzusunda elmi-praktik konfrans keçirilib

AMEA Ədəbiyyat İnstitutunda bu elmi müəssisənin, ƏlyazmalarFolklor institutlarının və Türkmənistanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə “Məxdumqulu Fəraqi dostluq və həmrəyliyin tərənnümçüsüdür" mövzusunda elmi-praktik konfrans keçirilib.

Əvvəlcə böyük türkmən şairi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi M.Fəraqinin müxtəlif dillərdə çapdan çıxmış əsərlərindən ibarət sərgi nümayiş etdirilib.

Azərbaycanın və Türkmənistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanan konfransda AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli M.Fəraqinin zəngin yaradıcılığından, onun türkmən yazılı ədəbiyyatındakı böyük xidmətlərindən danışıb. Vurğulanıb ki, Məxdumqulu Fəraqi yaradıcılığında vətənpərvərlik, türkmən qəbilələrini birliyə çağırış motivləri olduqca güclüdür və onun poeziyasında əsas yeri realizm tutur.

 Sonra çıxış edən Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Toyli Komekov M.Fəraqinin ümumtürk ədəbiyyatına verdiyi töhfələrdən danışıb. Qeyd edilib ki, 1733-cü ildə anadan olan Məxdumqulu “Fəraqi” təxəllüsü ilə şeirlər yazıb. Onun yaradıcılığı türkmən ədəbiyyatının mühüm bir dövrünü əhatə edir. Məxdumqulunun yaradıcılığı Azərbaycan şairləri Molla Pənah Vaqifə və Molla Vəli Vidadi yaradıcılığına da ciddi təsir göstərib.

Səfir T. Komekov azərbaycanlı alim, AMEA-nın Ədəbiyyat İnstitutunun dissertantı İsmixan Osmanlının Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun müvafiq Fərmanına əsasən “Məxdumqulu Fəraqi” medalı ilə təltif edildiyini bildirib. Qeyd edib ki, İ.Osmanlı bu mükafata türkmən xalqının böyük mütəfəkkiri M.Fəraqinin yaradıcılıq irsinin tədqiqində, geniş yayılmasında və təbliğində xidmətlərinə, həmçinin Türkmənistan ilə dostluq əlaqələrinin, elm, təhsil, mədəniyyət və humanitar sahələrin inkişafına verdiyi töhfəyə, səmərəli iş və bədii nailiyyətlərə görə layiq görülüb.

Sonra “Məxdumqulu Fəraqi” medalı İsmixan Osmanlıya təqdim edilib.

Akademiyanın fəaliyyətini yüksək dəyərləndirdiyinə görə Türkmənistan Prezidentinə minnətdarlığını bildirən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli İ.Osmanlının “Məxdumqulu Fəraqi” medalı ilə təltif olunmasını Azərbaycan humanitar elminin uğuru hesab edib.

Tədbirdə “M.Fəraqi dostluq və həmrəyliyin tərənnümçüsüdür", “M.Fəraqinin yaradıcılığında vətənpərvərlik”, “M.Fəraqinin poeziyasında klassik və xalq şeiri ənənələri”, “M.Fəraqi və XVIII əsrdə oğuz türklərinin ədəbiyyatı”, “M.Fəraqi irsi türkmən və ümumtürk dəyərlər qovşağında” və “Müstəqillik illərində M.Fəraqinin yaradıcılığı Ədəbiyyat İnstitutu alimlərinin tədqiqində” mövzularda məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir