Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.11.2020 13:05
  • A-
  • A
  • A+

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının onlayn iclasında prioritet məsələlər müzakirə olunub

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının onlayn iclasında prioritet məsələlər müzakirə olunub

Noyabrın 3-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının növbəti onlayn iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri, akademik Rasim Əliquliyev, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, şura üzvləri, elmi müəssisələrin rəhbərləri, elmi katibləri, ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri, həmkarlar təşkilatlarının nümayəndələri, gənc alim və mütəxəssislər, eləcə də qadınlar və veteranlar şuralarının sədrləri iştirak ediblər.

İclasın gündəliyində olan ilk məsələ – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsində erməni təcavüzünə məruz qalmış ərazilərlə əlaqədar FRTEB-in elmi müəssisələrinin təxirəsalınmaz vəzifələri və elmi prioritetləri onlayn iclasın iştirakçılarının geniş müzakirəsinə çıxarılıb.

Akademik Rasim Əliquliyev qeyd edib ki, adıçəkilən məsələ AMEA-nın Rəyasət Heyətinin bir neçə gün öncə keçirilən iclasında da xüsusi diqqət mərkəzində olub. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu erməni işğalına məruz qalan ərazilərimizi azad edir. Erməni vandalizminin nəticəsində viran qalan yaşayış məntəqələrimizin, sənaye infrastrukturunun, kommunikasiya və nəqliyyat xətlərinin, kənd təsərrüfatının, ekologiyanın, su ehtiyatlarının, flora və faunanın, eləcə də Qarabağ mədəni mühitinin – tarixi memarlıq və dini abidələrinin, folklorunun və s. bərpa olunması istiqamətində işğaldan azad edilmiş ərazilərdə müasir texnologiyalar əsasında yeni elmi infrastruktur layihələrinin həyata keçirilməsi və burada informasiya texnologiyalarının geniş tətbiq edilməsi, həmçinin Elektron Qarabağ çərçivəsində müəyyən işlərin görülməsi yaxın gələcək üçün FRTEB-in elmi müəssisələri qarşısında duran mühüm vəzifələrdəndir.

Elmi şuranın iclasının gündəliyində yer alan növbəti məsələ Bakıda keçiriləcək 73-cü Beynəlxalq Astronavtika Konqresində Bölmənin elmi müəssisələrinin iştirakı haqqında olub.

Akademik Rasim Əliquliyev 1973-cü ildə Ulu öndər Heydər Əliyevin dəstəyi ilə Azərbaycanda Beynəlxalq Astronavtika Konqresinin keçirilməsinin ölkəmizdə kosmik sənayenin əsasının qoyulması və inkişafı üçün tarixi nailiyyət olduğunu vurğulayıb.

Onlayn iclasda çıxış edən “Azərkosmos” ASC-nin  sədri Rəşad Nəbiyev diqqətə çatdırıb ki, 2019-cu ildə Vaşinqton şəhərində keçirilən Astronavtika Federasiyasının Baş Assambleyasında Bakı şəhəri 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb. Onun sözlərinə görə, 73-cü Beynəlxalq Astronavtika Konqresinə namizəd ev sahibləri arasında Nyu-Delhi, Rio-de-Janeyro kimi dünya texnologiya sənayesinin qabaqcıl şəhərləri olub. “Doğma Bakımızın bu cür mötəbər tədbirə ev sahibliyi etmək hüququnu qazanması ölkəmizin kosmik sənaye, innovasiyalar, İKT sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasətinə söykənən uğurlarına, onun beynəlxalq nüfuzuna verilən mühüm qiymətdir”.

Elmi şuranın üzvləri tərəfindən ölkəmizdə kosmik tədqiqatlar sahəsində beynəlxalq əmək-daşlığın perspektivləri, “Azərkosmos” ASC ilə yeni elmi əlaqələrin qurulması və s. müzakirə edilib, həmçinin xarici ölkə alimləri ilə birgə tədqiqatların aparılması, xüsusilə, bu sahədə gənc kadrların hazırlanması barədə təkliflər irəli sürülüb.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev FRTEB-in elmi müəs-sisələrinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə dəstəyi haqqında məlumat verib, qeyd edib ki, bölmənin alim və mütəxəssisləri xalqımızın haqq mübarizəsində böyük əzmkarlıq nümayiş etdirirlər. Alimin sözlərinə görə, FRTEB-in elmi müəssisələri işğal altında olan torpaqlarımızın azad olunması uğrunda Milli Ordumuzun əks-hücum əməliyyatlarının, həmçinin ölkəmizin ədalətli mübarizəsinin regional və dünya səviyyəli aparıcı elm və media qurumlarında obyektiv şəkildə işıqlandırılması, mənfur düşmənin əsl simasının dünya ictimaiyyətinə tanıdılması istiqamətində cənab Prezidentin apardığı ardıcıl və məqsədyönlü siyasəti tam dəstəkləyir, milli maraqların qorunması, ərazi bütövlüyümüzün təmin edilməsi üçün həm ön, həm də arxa cəbhədə əllərindən gələni əsirgəmirlər.

Daha sonra Elmi şuranın üzvləri AMEA Rəyasət Heyətinin 30 oktyabr 2020-ci il tarixli “AMEA-nın elmi müəssisələrində 2020-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında” qərarından irəli gələn məsələləri müzakirə ediblər.

Onlayn iclasın gündəliyində yer alan məsələlər içərisində AMEA-nın Fizika İnstitutunun Elmi şurasının tərkibində, eləcə də İdarəetmə Sistemləri İnstitutunun strukturunda qismən dəyişiklik olunması, Biofizika İnstitutunda doktorantura və magistratura təhsilinin təşkil edilməsi də olub.

Bölmənin Elmi şurası AMEA-nın müxbir üzvü Aydın Kazımzadənin 70 illik yubileyinin keçirilməsi, Radiasiya Problemləri İnstitutunun əməkdaşı Səbinə Məhərrəmovanın Norveçin Oslo Universitetinə ezam edilməsi haqqında müvafiq qərarlar qəbul edib.

Sonda bir sıra həlli vacib olan məsələlər müzakirə olunub, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: