Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Əlyazmalar İnstitutunun elmi-tədqiqat şöbələrinin növbədənkənar məzuniyyət dövründəki fəaliyyəti müzakirə edilib
27.04.2020 11:27
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun elmi-tədqiqat şöbələrinin növbədənkənar məzuniyyət dövründəki fəaliyyəti müzakirə edilib

Azərbaycanda COVID-19 pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan karantin rejiminə uyğun olaraq AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu da öz fəaliyyətini onlayn rejimdə davam etdirir.

Aprelin 25-də institutun direktoru, akademik Teymur Kərimlinin sədrliyi ilə Elmi şuranın onlayn rejimdə növbəti iclası keçirilib.

İclasda akademik Teymur Kərimli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Sonra Əlyazmalar İnstitutunun elmi-tədqiqat şöbələrinin başa çatmaqda olan növbədənkənar məzuniyyət dövründə məhsuldar fəaliyyəti müzakirə edilib.

İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov bu müddətdə elmi müəssisənin şöbələrinin iki onlayn iclas keçirdiyini, hər 10 gündən bir şöbə müdirlərinin görülən işlərə dair hesabat hazırladığını, hesabatların qısa icmalının ölkə mediasında yayımlandığını nəzərə çatdırıb. Bildirib ki, məzuniyyət dövründə müxtəlif şöbə əməkdaşları tərəfindən 7 kitab nəşrə hazırlanıb, 4 kitab isə çap olunub. Bundan başqa, 2 elmi işçi ölkə xaricində, 1 baş elmi işçi isə ölkədə onlayn keçirilən beynəlxalq konfransa qatılıb, 23 elmi məqalə hazırlanaraq müxtəlif elmi jurnallara təqdim olunub. Məruzəçi şöbələrdə fond materiallarının PDF versiyaları əsasında əlyazma abidələrinin transliterasiya, tərcüməsi işlərinin də plana uyğun aparıldığını, biblioqrafiyalaşdırma və təsvir fəaliyyətinin lazım olan həcmdə həyata keçirildiyini bildirib.

Daha sonra institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov, Ərəbdilli əlyazmaları tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifov, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov, Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə və başqaları çıxış edərək şöbələrdə icra olunan işlər barədə məlumat veriblər.

İclasda Əlyazmalar İnstitutunun 70 illiyi və "Könüllülər ili" çərçivəsində əməkdaşların yerinə yetirdiyi elmi-nəzəri və elmi-təşkilati işlər də geniş müzakirə olunub. Bununla yanaşı, institutun doktorant və dissertantlarına məsafədən elmi məsləhət və tövsiyələrin verildiyi, təhsil prosesinin onlayn sistemdə təşkil olunduğu diqqətə çatdırılıb.

Akademik Teymur Kərimli sosial təcrid dövründə elektron elmi fəaliyyətin bir qədər də təkmilləşdirilməsi ilə bağlı şöbə müdirlərinə tapşırıqlar verib. O, institutun elmi jurnallarının müntəzəm nəşr olunmasının vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: