Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.04.2019 13:30
  • A-
  • A
  • A+

Qazaxıstanda “Türkologiya” jurnalının təqdimatı keçirilib

Qazaxıstanda “Türkologiya” jurnalının təqdimatı keçirilib

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, “Türkologiya” jurnalının məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov Qazaxıstanın Əhməd Yəsəvi Universitetində “Türkologiya” jurnalının təqdimatını edib, həmçinin “Türk dünyasında türkologiyanın aktual problemləri” adlı seminar keçib.

Seminarda Əhməd Yəsəvi Universitetinin prorektoru, dosent Pusat Pilten, Türkoloji Araşdırmalar Mərkəzinin direktoru, dosent Sərdan Dağıstan, Əhməd Yəsəvi Universitetində nəşr olunan “Türkologiya” jurnalının redaksiya heyəti, çoxlu sayda alim, gənc tədqiqatçı, tələbə və qonaqlar iştirak ediblər. 

E.İbrahimov AMEA Rəyasət Heyətinin 2016-cı ildə müvafiq qərarı ilə akademik Kamal Abdullayevin “Türkologiya” jurnalına baş redaktor təyin olunmasından sonra jurnalın işində ciddi canlanma yarandığını, K.Abdullayevin ideyaları əsasında nəşrin fəaliyyətinin təkmilləşdirildiyini və beynəlxalq indekslərə daxil edildiyini qeyd edib. O, jurnalın türkologiyanın təkcə dilçilik deyil, incəsənət, mifologiya, klassik irs, ədəbiyyat və folklor, fəlsəfə və tarix kimi sahələrini də əhatə etdiyini, burada dünyanın müxtəlif ölkələrindən olan alimlərin məqalələrinin dərc edildiyini bildirib.

Gənc alim çıxışında əlifba probleminə də toxunaraq, bu məsələnin Türk dünyası və türkologiya üçün aktual problemlərdən olduğunu və XIX əsrin sonlarından başlayaraq bu günədək davam etdiyini bildirib: “Ortaq əlifba probleminin həll edilməsi gələcəkdə ortaq dilin (ortaq türkçənin) də təşəkkülünə kömək edəcək. Ortaq əlifba olmadan ortaq dili formalaşdırmaq qeyri-mümkündür.” 

Sonda E.İbrahimov iştirakçıları maraqlandıran sualları cavablandırıb. O, “Türkologiya” jurnalının saylarını Türkoloji Araşdırmalar Mərkəzinin kitabaxanasına hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: