Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“İmadəddin Nəsimi və özbək ədəbiyyatı” mövzusunda konfrans keçirilib
29.03.2019 09:34
  • A-
  • A
  • A+

“İmadəddin Nəsimi və özbək ədəbiyyatı” mövzusunda konfrans keçirilib

Martın 28-də Beynəlxalq Mətbuat Mərkəzində “İmadəddin Nəsimi və özbək ədəbiyyatı” mövzusunda konfrans keçirilib.

Tədbir “Kaspi” qəzeti, “Kaspi” Təhsil Şirkəti və Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransı giriş sözü ilə açan “Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva Prezident İlham Əliyevin 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamının əhəmiyyətindən danışaraq bildirib ki, bu, mütəfəkkir şairə dövlət səviyyəsində verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir. S.Vəliyeva qeyd edib ki, İmadəddin Nəsimi Azərbaycan klassik poeziyasını həm məzmun və ideya, həm də yeni janrlarla zənginləşdirən, ona yeni nəfəs gətirən novator bir şair kimi tanınır. Onun anadilli poeziyamızda fəlsəfi və lirik şeirləri aktuallığını, fikir zənginliyini indi də qoruyub saxlayır. 

Sonra AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu çıxış edərək Azərbaycan ədəbi dilinin inkişafında İmadəddin Nəsiminin əvəzsiz xidmətlərindən danışıb. Alim bildirib ki, mütəfəkkir şair anadilli poeziyamızda fəlsəfi qəzəlin kamil nümunələrinin yaradıcısıdır. O, anadilli lirik şeirləri ilə Yaxın və Orta Şərqdə ədəbi məktəb yaradan ilk Azərbaycan şairidir.

M.Nağısoylu əlavə edib ki, İmadəddin Nəsimi milli varlığımız olan ədəbi dilimizin zənginləşməsi və təkmilləşməsində misilsiz xidmətləri olan qüdrətli söz ustadıdır. Onun şeirləri XIV əsr Azərbaycan ədəbi dilinin ən mükəmməl nümunələridir.

Daha sonra özbəkistanlı alim-tərcüməçi Tahir Qahharın “İmadəddin Nəsiminin əsərlərinin özbək dilinə tərcüməsi” mövzusunda çıxışı dinlənilib. O, Özbəkistan-Azərbaycan ədəbi əlaqələrindən, bu münasibətlərin daha da möhkəmlənməsində Nəsimi yaradıcılığının xüsusi rolundan danışıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva “XV əsr özbək ədəbiyyatında Nəsimidən bəhrələnmələr” mövzusunda çıxışında qeyd edib ki, orta əsr Özbəkistan ədəbiyyatına nəzər saldıqda özbək şairlərin texniki, ideya və üslub baxımından Nəsimidən bəhrələndiklərini görmək mümkündür.

Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişafında İmadəddin Nəsiminin yaradıcılığının mühüm rol oynadığını bildirib. O, Nəsiminin 650 illiyi münasibətilə mərkəz tərəfindən özbək dilində çap olunan “Jonani sevarman” kitabını təqdim edib. Qeyd edib ki, kitabda Nəsiminin özbək dilinə tərcümə olunmuş şeirləri və şairin AMEA-nın Əlyazmalar İnstitutunda qorunan əlyazmaları yer alıb.

Konfransda AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun “Nəsimi yaradıcılığında insan konsepsiyası”, AMEA-nın müxbir üzvü Kamran Əliyevin “İmadəddin Nəsimi və folklor”, özbəkistanlı tarixçi-publisist Şuxrat Salmanovun “İmadəddin Nəsimi və özbək ədəbiyyatı”, AMEA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətlinin “İmadəddin Nəsiminin fəlsəfəsi” mövzusunda məruzələri dinlənilib.

Sonda özbəkistanlı qonaqlara milli mədəniyyətimizi ölkələrində fəal təbliğ etdiklərinə, Azərbaycan həqiqətlərini və Ermənistanın işğalçılıq siyasətini Özbəkistan mediasında geniş işıqlandırdıqlarına görə “Kaspi” qəzeti, “Kaspi” Təhsil Şirkəti və Azərbaycan Mətbuat Şurası tərəfindən diplomlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: