Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

AMEA-nın Təbiət Tarixi Muzeyində faunanın ən qədim nümunələri nümayiş olunur
12.03.2019 15:19
  • A-
  • A
  • A+

AMEA-nın Təbiət Tarixi Muzeyində faunanın ən qədim nümunələri nümayiş olunur

AMEA-nın nəzdində fəaliyyət göstərən Təbiət Tarixi Muzeyi 1937-ci ildə Dövlət Muzeyinin təbiət bölməsinin bazası əsasında yaradılıb.

Muzey biologiya və geologiya bölmələrindən ibarətdir. Ekspozisiyalarda ölkəmizin zəngin təbii sərvətləri yer alır. Onların arasında paleontoloji və təbii dəyişikliklər əsasında müxtəlif canlıların skeletləri və bitki örtüyünün qalıqları vardır. 

Paleontologiya sahəsində aparılan tədqiqatların məzmunu, alınan nəticələr və toplanan nadir eksponatların əhəmiyyətinə görə Təbiət Tarixi Muzeyi bu profilli muzeylər arasında qabaqcıl yerlərdən birini tutur. Dünya şöhrətli Binəqədi dördüncü dövr faunası, Eldar düzənliyində aşkar edilmiş sarmat hipparion faunası, Pirəkəşkül kəndi ətrafında toplanılmış onurğalıların yeni cinsləri, həqiqi suitilər fəsiləsinin yaranması haqqında yeni fərziyə, Azıx paleolit düşərgəsi materiallarının öyrənilməsi və bir çox başqa mövzular muzeyin elmi əməkdaşlarının tədqiqatları arasında mühüm yer tutur.

Minlərlə eksponatın qorunub saxlandığı bu mədəniyyət ocağında 60-a yaxın sürünən növə, 12 suda-quruda yaşayan canlı növünə rast gəlmək mümkündür. Ekspozisiyada 360-dan çox məməli heyvan və quş müqəvvası da yer alıb.

Zəngin kolleksiyada bir neçə dövrü əhatə edən eksponatlar mövcuddur. Poleozoy erasina aid mərcan poliplərindən tutmuş 45 min yaşı olan kərgədan skeletinə qədər müxtəlif nümunələr böyük maraq doğurur.

Ölkəmizin ərazisində aparılan qazıntılar nəticəsində tapılan sümüklərin əksəriyyəti muzeydə nümayiş etdirilir və öyrənilir. Binəqədi qır gölündən toplanan kolleksiya içərisində 113 növ məməli, 112 quş, 2 sürünən, 1 suda-quruda yaşayan, 120 həşərat, 22 bitki qalıqları yüksək elmi dəqiqliklə öyrənilib.

Binəqədi dördüncü dövr fauna və florası ən məşhur tədqiqat obyektidir. Onu yalnız ABŞ-ın Kaliforniya ştatındakı Ranco La Brea ilə müqayisə etmək olar. Lakin Binəqədi qır gölündə aşkar edilən fauna və flora nümunələrinin yaşı ondan xeyli üstündür. 

Təbiət Tarixi Muzeyinin Zooloji şöbəsində Azərbaycanın müasir və geoloji keçmişdə yaşamış onurğasız və onurğalı heyvanların bərpa edilmiş skelet və müqəvvaları, formalin və spirt məhlulunda saxlanılan cəsədləri nümayiş etdirilir. Geoloji şöbədə yerləşən 13 vitrində isə respublikamızda məlum olan filiz və qeyri-filiz yataqlarından toplanılmış porfirit, bazalt, travertine, mərmər, perlit, dolomit, barit, hemotit, mis, kvars, sidorit kimi 83 adda süxur və mineral nümunəsi nümayiş etdirilir.

Muzeyin qarşısında duran əsas məsələlərdən biri məktəbliləri, tələbələri, ziyalıları ölkəmizin təbii sərvətləri, fauna və florası ilə tanış etmək, onlara maddi-mənəvi sərvətlərimizin qorunmasının təşkili, ekologiya məsələlərinə aid tövsiyə verməkdən ibarətdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: