Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində “Elm həftəsi”nə start verilib
12.03.2019 11:15
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində “Elm həftəsi”nə start verilib

AMEA-nın Naxçıvan Bölməsində Elm Günü ilə əlaqədar olaraq “Elm həftəsi”nin ilk tədbiri keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında” 9 aprel 2018-ci il tarixli Sərəncamını xatırladaraq, sənədə əsasən hər il martın 27-nin ölkəmizdə Elm günü kimi qeyd ediləcəyini bildirib. Respublikamızda elmə göstərilən diqqət və qayğıdan danışan alim əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu ənənənin bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Sürə Seyid çıxış edərək ulu öndər Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Bölməsinin elmə verdiyi töhfələrdən danışıb.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli rəhbərlik etdiyi müəssisə haqqında hesabatla çıxış edib. Bildirib ki, institutun tərkibində Qədim və orta əsrlər tarixi, Yeni və ən yeni tarix, Qafqaz tarixi, Qədim dövr arxeologiyası, Antik və orta əsrlər arxeologiyası, Arxeoloji xidmət, Etnoqrafiya şöbələri və “Xalçaşünaslıq” elmi-tədqiqat qrupu fəaliyyət göstərir.

Diqqətə çatdırılıb ki, institutda “Naxçıvan tarixinin tədqiqi” istiqaməti, “Naxçıvanın ictimai-siyasi və sosial-iqtisadi tarixinin öyrənilməsi” problemi, “Naxçıvanın tarixi, maddi və mənəvi mədəniyyətinin tədqiqi” mövzusu üzrə müxtəlif mərhələlərdə elmi-tədqiqat işləri aparılıb, Аzərbаycаnın ayrılmaz tərkib hissəsi kimi Nахçıvаn bölgəsinin tаriхi, аrхеоlоgiyаsı, еtnоqrаfiyаsı və epiqrafikasına dair araşdırmalar həyata keçirilib. İnstitutda 1301 elmi əsər nəşr edilib ki, onlarında 90-na yaxını monoqrafiya, kitab və kitabçadır.

F.Səfərli Ali Məclis Sədrinin 6 dekabr 2005-ci ildə imzaladığı “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamını xatırladaraq bildirib ki, institut əməkdaşları muxtar respublika ərazisindəki tarix-mədəniyyət abidələrini qeydə alıb, onları tədqiq edib, hər bir abidəyə aid qeydiyyat kartı hazırlayıblar. Qeydə alınan bütün abidələr dünya (57 ədəd), ölkə (496 ədəd) və yerli (665) əhəmiyyətli olmaqla təsnifatlandırılıb. 841 abidə ilk dəfə olaraq elmi dövriyyəyə daxil edilib. Bu abidələrin 555-i əsasında Azərbaycan və ingilis dillərində respublikamızda ilk dəfə olaraq “Naxçıvan abidələri ensiklopediyası” nəşr edilib.

Bildirilib ki, institut əməkdaşları tərəfindən “Naxçıvan tarixi Atlası”, “Dədə-Qorqud yurdu Naxçıvan” tarixi-coğrafi və etnoqrafik Atlas hazırlanaraq nəşr olunub.

Vurğulanıb ki, institutun əməkdaşları “Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri”, “Yeni Dünya Nizami və Azərbaycan”, “I Kültəpə və onun ətrafında arxeoloji tədqiqatlar və Naxçıvanın tarixi, arxeoloji, etnoqrafik, epiqrafik və Şərq mənbələri əsasında kompleks tədqiqi, tarix və mədəniyyət abidələrinin elektron qeydiyyatı və xəritələşdirilməsi” adlı qrant layihələrinin yerinə yetirilməsində iştirak edib və etməkdədirlər.

F.Səfərli qeyd edib ki, 3 cildlik "Naxçıvan tarixi" kitabı Naxçıvan Muxtar Respublikasının mükafatına, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı monoqrafiya Naxçıvan Muxtar Respublikasının mükafatına, “Tarixi mənbələrdə Nuh peyğəmbər” kitabı isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin mükafatına layiq görülüb.

Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva Naxçıvan Bölməsinin alim qadınlarının fəaliyyətindən söz açıb.

Sonda tədbir iştirakçıları sözügedən institutun fəaliyyətini əks etdirən sərgi ilə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: