Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.03.2019 15:11
  • A-
  • A
  • A+

İkinci xüsusi şöbədə son vaxtlar Azərbaycan ərazisində baş verən endogen və eksogen proseslərə dair məruzə dinlənilib

İkinci xüsusi şöbədə son vaxtlar Azərbaycan ərazisində baş verən endogen və eksogen proseslərə dair məruzə dinlənilib

Bu gün AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.

AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirak etdiyi tədbiri şöbənin rəisi Eldar Quliyev açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

E.Quliyev mülki müdafiəyə dair seminar, məşğələ və digər tədbirlərin "Mülki Müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" ölkə başçısının 18 aprel 1998-ci il tarixli Fərmanı, Nazirlər Kabinetinin "Mülki müdafiənin təmin edilməsi barədə" 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli Qərarı, Fövqəladə Hallar Nazirliyinin (FHN) tövsiyələri və akademiyanın Tədbirlər Planına əsasən təşkil olunduğunu diqqətə çatdırıb.

O, AMEA-nın elmi müəssisə və təşkilatlarının MM qərargah rəislərinin baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı mütəmadi məlumatlandırıldığını diqqətə çatdırıb. Bildirib ki, fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etməyi bilmək, fövqəladə hadisələrdən əsas müdafiə üsullarını öyrənmək, ekstremal hallar zamanı müəyyən olunmuş davranış qaydalarına əməl etmək və ilkin tibbi yardımın göstərilməsi qaydalarını mənimsəmək və onu tətbiq etməyi bacarmaq lazımdır.

Bu gün dünyada iqlim dəyişmələrinin baş verdiyini, ekoloji problemlərin meydana gəldiyini deyən E.Quliyev Azərbaycanın tanınmış alimlərinin mütəmadi seminarlara dəvət olunaraq sözügedən qlobal proseslər barədə MM qərargah rəisləri qarşısında məruzə ilə çıxış etdiklərini vurğulayıb.

Sonra AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) şöbə müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev "Son vaxtlar Azərbaycan Respublikası ərazisində baş verən endogen və eksogen proseslər" mövzusunda məruzə ilə çıxış edib. Alim Azərbaycan ərazisində son illərdə zəlzələ, palçıq vulkanları və torpaq sürüşmələri şəklində bir sıra endogen və ekzogen xarakterli proseslərin qeydə alındığını söyləyib. Qeyd edib ki, Azərbaycanın seysmoaktiv zonalarından Şamaxı-İsmayıllı ərazisində son 15 il ərzində maqnitudası 4.5-dən böyük hiss olunan bir neçə zəlzələ baş verib: "Bu zəlzələlər episentrdə 5-6 bala qədər hiss edilib ki, bunlardan ən güclüsü 7 oktyabr 2012-ci il tarixində İsmayıllı rayonunda baş verib, maqnitudası 5.3 olub. Həmin zəlzələ episentrdə 5 bal intensivliyində hiss olunub".

E.Qaravəliyev ərazidə son güclü zəlzələnin 5 fevral 2019-cu il tarixində yerli vaxtla saat 23:31-də baş verdiyini, zəlzələnin maqnitudasının 5.2, dərinliyinin 10 km, episentrdə intensivliyinin isə 6 bal olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, zəlzələ, həmçinin ərazidə bir sıra palçıq vulkanlarının (Quşçu və Kiçik Xınıslı kəndlərinin ərazilərində yerləşən) və torpaq sürüşmələrinin (Qızmeydan yolu və Ağsu aşırımında) aktivləşməsinə təkan verib.

Alim torpaq sürüşmələrinin 2018-ci ildə Bakı şəhərində Teleqüllə və Badamdar ərazilərində də aktiv fazaya keçdiyini, bu sürüşmələrin operativ olaraq alimlər və dövlət qurumları tərəfindən nəzarətə götürüldüyünü, müvafiq tədqiqatlar aparıldığını deyib: "Hadisəyə dəqiq və vaxtında verilmiş reaksiya sayəsində insan itkilərindən qaçmaq mümkün olub".

O, RSXM-in sürüşmə sahəsində aparılmış elmi tədqiqatlara görə, Moskvada "EcoWorld-2018" beynəlxalq ekologiya müsabiqəsində "Ekoloji siyasət və ətraf mühit" nominasiyası üzrə birinci dərəcəli mükafata layiq görüldüyünü qeyd edib.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, iştirakçıların sualları cavablandırılıb.

Daha sonra iclasda fevral ayında keçirilmiş Rəhbər Heyətin və Mülki Müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqləri, həmçinin 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü haqqında MM qərargah rəislərinin məlumatları dinlənilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: