Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın Naxçıvan Bölməsində “Həyat eşqi” kitabının müzakirəsi keçirilib
06.03.2019 11:42
  • A-
  • A
  • A+

AMEA-nın Naxçıvan Bölməsində “Həyat eşqi” kitabının müzakirəsi keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun və Batabat Astrofizika Rəsədxanasının birgə təşkilatçılığı ilə oxunması zəruri olan kitablar siyahısına daxil edilən amerikalı yazıçı Cek Londonun “Həyat eşqi” əsərinin müzakirəsi keçirilib.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev açaraq XX əsr Amerika ədəbiyyatının realist yazıçısı Cek Londonun yaradıcılığına nəzər salıb. Bildirib ki, ağır həyat sürmüş yazıçının 50 roman və 200-ə yaxın hekayəsinə 50-dən artıq film çəkilib.

Cek Londonun qələmə aldığı əsərlərin qəhrəmanlarının insanlar olduğunu deyən Ə.Quliyev müəllifin “Həyat eşqi” hekayəsində insan ilə təbiətin qarşıdurmasından və sonda insanın iradəsi hesabına düşməninə qalib gəlməsindən bəhs edildiyini söyləyib. O, yazıçının dərin məna kəsb edən əsərlərinin oxucunu düşünməyə sövq etdiyini vurğulayıb.

Daha sonra bölmənin Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyevin “Cek Londonun “Həyat eşqi” hekayəsi”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçiləri, filologiya üzrə fəlsəfə doktorları - Aygün Orucovanın “Cek Londonun həyat və yaradıcılığı” və Nərgiz İsmayılovanın “Cek London sənətkarlığı: “Həyat eşqi”ndən “Martin İden”ə mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: