www.science.az
24.07.2014 00:00

AMEA prezidenti AR Prezidenti yanında Bilik Fondunun nümayəndələri ilə görüş keçirdi

23 iyul 2014-cü il tarixdə AMEA Rəyasət Heyətində AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndələrini qəbul etdi.

Bilik Fondunun yaradılmasının təşəbbüskarı olan Prezident İlham Əliyevə təşəkkürünü bildirən A.Əlizadə fondun Azərbaycan Respublikası Prezidentinin 7 may 2014-cü il tarixli Fərmanına əsasən yaradıldığını xatırlatdı. AMEA rəhbəri ölkədə elmin, ictimai fikrin inkişafından danışdı, gənclərlə aparılan işlərin vacibliyini diqqətə çatdırdı. Elmi diasporla işin təşkilinin əhəmiyyətini vurğulayan AMEA rəhbəri xaricdə çox sayda azərbaycanlı alimin fəaliyyət göstərdiyini bildirdi. Qeyd etdi ki, təkcə riyaziyyat sahəsində onların sayı 150-dən çoxdur. A.Əlizadə bu alimləri Azərbaycanda elmin inkişafına cəlb etməyin zəruri olduğunu söylədi.

AMEA prezidenti fondun elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması və s. məqsədlərə xidmət etdiyini söylədi.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev fondun fəaliyyətinin əsas istiqamətlərindən söz açdı. Qeyd etdi ki, elmin bütün ölkə ərazisində populyarlaşdırılması, o cümlədən gənclər arasında savadlanma və maariflənmə işlərinin artırılması, xarici ölkələrdəki elmi nailiyyətlərin respublikanın ən ucqar kəndlərinə yayılması fondun fəaliyyətinin əsas istiqamətləri olacaqdır.

Bilik Fondunun icraçı direktoru, pedoqogika üzrə fəlsəfə doktoru Oqtay Səmədov qurumun fəaliyyətinin təşkili çərçivəsində indiyə qədər görülmüş işlərdən danışdı. Bildirdi ki, fondun struktur bölmələri və ştat cədvəli təsdiq olunmuş, inzibati binası informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.