Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.03.2019 11:28
  • A-
  • A
  • A+

Şərqşünas alimlər Mirzə Kazım bəyin həyat və yaradıcılığına həsr olunmuş beynəlxalq konfransda iştirak ediblər

Şərqşünas alimlər Mirzə Kazım bəyin həyat və yaradıcılığına həsr olunmuş beynəlxalq konfransda iştirak ediblər

26-27 fevral 2019-cu il tarixlərində Mahaçqala və Dərbənd şəhərlərində Rusiya şərqşünaslıq elminin banilərindən biri, dünya şöhrətli alim, həmyerlimiz Mirzə Kazım bəyin (1802-1870) həyat və yaradıcılığına həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Dağıstan Humanitar İnstitutu, Sankt-Peterburq Dövlət Universiteti və Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfransda Rusiya, Azərbaycan, Türkiyə, Özbəkistan, Yəmən və digər ölkələrin tarixçi və şərqşünas alimləri iştirak ediblər.

Beynəlxalq tədbirdə Azərbaycan elmini AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev və həmin müəssisənin Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, t.ü.f.d. Fərda Əsədov təmsil ediblər.

Konfransda “Mirzə Kazım bəyin türk xalqlarının tarixinə dair tədqiqatları” mövzusunda çıxış edən akademik Ş.Mustafayev böyük alimin 19-cu yüzilliyin ilk yarısında Rusiyada türkologiya, tarixşünaslıq və osmanlışünaslıq elmlərinin əsaslarını qoyması, həyatının Kazan dövründə Osmanlı türkləri, Krım və Edil-Volqa tatarları və uyğurlar kimi bəzi türk xalqlarının orta əsrlər tarixinə dair qələmə aldığı əsərləri barədə məlumat verib. Alim həmin əsərlərin o dövrün rus və Avropa şərqşünaslığında önəmli yer tutduğunu qeyd edib.

F.Əsədovun məruzəsi isə Mirzə Kazım bəyin hələ 1850-ci ildə Azərbaycan türkcəsində orijinal mətnini və ingilis dilinə tərcüməsini hazırlayıb nəşr etdirdiyi “Dərbənd-namə” əsərində bəzi mühüm tarixi hadisə və  terminlərin izahına həsr olunub.

Azərbaycanlı alimlərin çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb, müzakirələrə səbəb olub.

Akademik Ş.Mustafayev, həmçinin konfransla əlaqədar Dağıstan dövlət televiziyasında hazırlanan proqramda da iştirak edib. O, Mirzə Kazım bəyin həyat və yaradıcılığı, görkəmli alimin Rusiya və dünya şərqşünaslıq elminə bəxş etdiyi misilsiz töhfələr haqqında televiziya tamaşaçılarına məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: