Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.02.2019 17:16
  • A-
  • A
  • A+

"Nəsimi - küfr və iman arasında" mövzusunda tədbir keçirilib

"Nəsimi - küfr və iman arasında" mövzusunda tədbir keçirilib

AMEA-nın Fəlsəfə İnstitutunda "Nəsimi - küfr və iman arasında" mövzusunda seminar keçirilib. 

Tədbir ölkə başçısının 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında 11 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən baş tutub.

Seminarı institutun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib.

Sonra institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin "Nəsimi - küfr və iman arasında" mövzusunda məruzəsi dinlənilib. Alim məruzəsində "2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında Sərəncamın əhəmiyyəti", "Təsəvvüf hikmətinin Nəsimi məqamı", "Nəsimi yaradıcılığının "Ənəl Həqq" zirvəsi" və "Müasir düşüncə sistemində Nəsimi nə dərəcədə aktualdır?" məsələlərinə toxunub.

Ulu öndər Heydər Əliyevin 1970-ci ildə Suriyanın Hələb şəhərinə səfər etdiyini xatırladan K.Bünyadzadə bundan sonra ölkəmizdə şairin yaradıcılığına dair geniş tədqiqatların başladığını, "Nəsimi" filminin çəkildiyini, Bakıda abidənin ucaldıldığını söyləyib. O, ölkə başçısının imzaladığı Sərəncamın Azərbaycanın milli təfəkkürünün və ruhunun qorunması, həmçinin xalqımızın dərin köklərilə əlaqələrinin xatırlanmasına xidmət edəcəyini bildirib.

Nəsiminin gözəllik, haqq və ədalət carçısı olduğunu deyən K.Bünyadzadə məruzəsində təsəvvüf tarixinin ümumi mənzərəsinə toxunub, şairin Azərbaycan dilində yazdığı şeirlərlə sufi fəlsəfəsinin zirvələrinə yüksəldiyini vurğulayıb.

Məruzəçi "Qurani Kərim"in ayələrinin Nəsiminin misralarında əks olunduğunu, şairin öz şeirlərində insanın ucalığını vəsf etdiyini diqqətə çatdırıb. Bundan əlavə, ədibin yaradıcılığının "Ənəl Həqq" zirvəsindən bəhs edib, sözügedən kəlamın ilk müəllifi Mənsur Həllacla Nəsimi arasında paralellər aparmaqla bu hikmətin dərinliklərini açıb.

Seminarın sonunda Nəsiminin müasir düşüncə sistemindəki aktuallığına dair müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: