Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə dəyərli töhfə
28.02.2019 16:10
  • A-
  • A
  • A+

Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə dəyərli töhfə

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, respublikanın Xalq artisti Hacıbaba Hüseynovun xatirəsinə həsr etdiyi “Hacıbaba Hüseynov” adlı kitabı çapdan çıxıb.

Kitab Prezident İlham Əliyevin “Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinin keçirilməsi haqqında” 22 fevral 2019-cu il tarixli Sərəncamına əsasən nəşr olunub.

Yeni nəşrdə Azərbaycan muğam ifaçılığı tarixində xüsusi yer tutan görkəmli sənətkarın ömür və sənət yollarına nəzər salınıb. Bildirilib ki, Hacıbaba Hüseynovun ədəbi irsi 400-ə yaxın qəzəl, müxəmməs, qitə, təmsil, qoşma və digər mənzumələrdən ibarətdir. O, musiqi xəzinəmizə həm sözlərinin, həm də melodiyalarının müəllifi olduğu bir sıra lətif təsnifləri yadigar qoyub.

Kitab Rafael Hüseynovun 30 ildən artıq bir müddətdə apardığı tədqiqatlar, çoxlu sayda əlyazma və arxiv materialları, eləcə də sənət xadimlərimizlə müntəzəm ünsiyyət və müsahibələrinin bəhrəsi kimi meydana gəlib. Burada unudulmaz sənətkarın mənalı ömrünün xalq kütləsinə az məlum olan bir çox maraqlı təfərrüatları barədə söz açılır.

Bildirilir ki, məşhur xanəndə Hacıbaba Hüseynov qədim muğamlarımızın misilsiz ifaçısı olmaqla yanaşı, həm də istedadlı qəzəlxan idi. O, zərif qəzəllərini yalnız özü ifa etmirdi, eyni zamanda həmin şeirlər bir sıra başqa xanəndələrin repertuarında da yer tutmaqdadır. Görkəmli sənətkar uzun illər muğamatdan dərs deyərək xanəndələr yetişdirib və yeni məktəb yaradıcısı kimi şöhrət tapıb. H.Hüseynovun yaratdığı çoxsaylı təsniflər muğam ifaçılığında geniş yayılıb.

“Hacıbaba Hüseynov” kitabı xalq musiqimizin tarixi və onun əbədiyaşar ifaçıları haqqında qiymətli mənbədir. Nəşr musiqişünaslar, sənət tarixçiləri və geniş oxucu kütlələri üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: