Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub
28.02.2019 14:51
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Alim Vikipediya virtual ensiklopediyanın əhəmiyyətindən söz açaraq, bu sahədə bölmə əməkdaşlarının fəaliyyətinin genişləndirilməsinin zəruriliyini qeyd edib. Bölmə sədri əməkdaşların elmi nəşrlərinin Vikipediya ensiklopediyasına daxil edilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

İ.Hacıyev viki-mühitdə Naxçıvan Muxtar Respublikası ilə bağlı yetərincə məqalələrinin olmadığını deyərək, bölgə ilə bağlı hazırlanan materialların ingilis, rus və digər dillərdə olmasının vacibliyini önə çəkib.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun “Xalçaşünaslıq” elmi-tədqiqat qrupunun rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Sara Hacıyevanın “Naxçıvanda xalçaçılıq sənətinin meydana gəlməsi və inkişaf yolları” mövzusunda elmi məruzəsi dinlənilib. Naxçıvan xalçaçılıq sənətinin qədim tarixə və ənənələrə malik olduğunu deyən məruzəçi qeyd edib ki, Naxçıvan bölgəsindəki I Kültəpə ərazisində arxeoloq Osman Həbibullayev tərəfindən arxeoloji qazıntılar zamanı Neolit və Eneolit dövrünə aid toxuculuq məmulatların, tunc dövrünə aid edilən toxuculuq dəzgahlarının tapılması bu sənətin qədimiliyini təsdiq edir. O, Ordubad rayonunda yerləşən Plovdağ, Sumbatan və Xaraba-Gilan ərazisində arxeoloq Bəhlul İbrahimlinin rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar zamanı bir sıra maddi-mədəniyyət məmulatları arasında parça və xalça qalıqlarına rast gəlindiyini söyləyib.

S.Hacıyeva qeyd edib ki, Azərbaycan sənətkarlığının yüksək səviyyədə inkişaf etdiyi orta əsrlər dövründə Naxçıvan xalçalarının özünəməxsus dəsti-xətti olub. Bu diyarda toxunulan ən qədim xalça növlərindən biri Zili hesab edilir. XIII əsrin zəngin qaynaqlarından sayılan “Əcaib-əl-dünya” (Dünya möcüzələri) əsərində xovsuz zili xalçalardan söhbət açılır. XII- XIII əsrlərdə Azərbaycanda olan əcnəbi alim və səyyahlar da el sənətkarlarından bəhs edərkən burada yüksək keyfiyyətli xalçaların toxunduğunu və bir sıra ölkələrə ixrac olunduğunu bildiriblər.

Diqqətə çatdırılıb ki, Naxçıvanda xalça istehsalı XVIII əsrdən başlayaraq yüksək inkişaf dövrünə qədəm qoyub. Xarici bazarlarda xalça məmulatına tələbatın kəskin şəkildə artması bu sənət sahəsinin, xüsusilə XIX əsrdə daha geniş vüsət almasına gətirib çıxarıb. XIX əsrin ortalarına aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Naxçıvan diyarında xeyli miqdarda xovlu və xovsuz xalça məmulatları istehsal edilib. Azərbaycanda, o cümlədən də Naxçıvanda XVI-XVII əsrlərdə süjetli xalçalar və əsasən ovçuluq səhnələrini əks etdirən xalçalar toxunub. Bu xalçalardan biri hazırda İngiltərədə, Londonun Viktoriya və Albert muzeyində nümayiş etdirilir.

İclasda bir sıra kadr məsələlərinə də baxılıb. Bölmənin qərarı ilə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutuna 1, İncəsənət, Dil və Ədəbiyyat İnstitutuna 3, Təbii Ehtiyatlar İnstitutuna 3, Bioresurslar İnstitutuna isə 2 nəfər kiçik elmi işçi vəzifəsinə keçirilib.

Bundan başqa, Rəyasət Heyətinin qərarı ilə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Rəşad Zülfüqarov bölmənin Rəyasət Heyətinə, böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Yaşar Rəhimov isə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutuna elmi katib təyin olunublar.

Sonda bir sıra cari məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: