www.science.az
18.08.2014 00:00

Ağdamda yeni arxeoloji materiallar aşkar edilib

Ağdam rayonunun cəbhə xəttində yerləşən Mirəşelli kəndi yaxınlığındakı “Palıdlı” nekropolunda qazıntılar zamanı yeni arxeoloji materiallar aşkar edilib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərovun sözlərinə görə, “Palıdlı” nekropolunda tədqiqatlar 2009-cu ildən başlanıb. Heç bir yerüstü əlamətə malik olmayan nekropolda indiyədək 22 qəbir açılıb. Eramızdan əvvəl XII-XI əsrlərə aid torpaq qəbirlərdə çoxlu miqdarda saxsı qablar, küplər, sərnic, bardaq, cam, nehrə, bəzək əşyaları aşkar edilib.

Bu il aparılan tədqiqatlar zamanı nekropolda daha 4 qəbir açılıb. Qəbirlərdə ölülər başı qərb, ayaqları şərq istiqamətə olmaqla, sağ yanı üstə bükülü vəziyyətdə dəfn olunublar. Skletlərin ətrafında 10-a qədər müxtəlif tip keramika nümunələri – küpə, kuzə, sərnic, cam və s. var. Aşkar edilən maraqlı tapıntılardan biri də ölünün belindəki kəmər və ona bağlanmış dəmir xəncərdir.

Tapıntılar nekropolda müxtəlif sosial təbəqədən olan insanların dəfn olunduğunu, qazıntı aparılan ərazidə son tunc və ilk dəmir dövründə (eramızdan əvvəl XII-XI əsrlər) davamlı yaşayış olduğunu, sənətkarlığın müxtəlif sahələrinin, dulusçuluğun, inkişafını, Qarabağ əhalisinin dəmirdən istifadə etdiyini göstərir.

Arxeoloji tədqiqatlar sentyabrın əvvəllərinədək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.