Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

YT Parkı ilə “AutoStar Kaukasus” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
22.02.2019 15:21
  • A-
  • A
  • A+

YT Parkı ilə “AutoStar Kaukasus” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, i.ü.f.d Nazim Şükürov, həmin müəssisənin strateji inkişaf üzrə direktor müavini Məmməd Bağırzadə və “Millers Oils Azerbaijan” MMC-nin direktoru, tex.ü.f.d. Sənan Abdullayev “Mercedes-Benz” markasının Azərbaycanda rəsmi tərəfdaşı olan “AutoStar Kaukasus” şirkətində olublar.

Aqressiv marketinq siyasətinin nəticəsi olaraq baş tutan görüşün əsas məqsədi iki qurum arasında müvafiq sahələrdə birgə əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.

Öncə N.Şükürov çıxış edərək Azərbaycan elmi ictimaiyyəti üçün önəmli strateji missiya kimi qəbul edilən Yüksək Texnologiyalar Parkının Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, bu müəssisə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılmasını nəzərdə tutur.

Sonra YT Parkın rezidenti, Böyük Britaniyanın “Millers Oils” şirkətinin birgə təsisçisi olduğu “Millers oils Azerbaijan” MMC-nin direktoru, tex.ü.f.d. Sənan Abdullayev bu müəssisədə 28 çeşiddə beynəlxalq standartlara cavab verən, yüksək keyfiyyətli və münasib qiymətlərə avtomobil yağlarının istehsal olunduğunu deyib. Bildirib ki, bu məhsullar dünyanın bir sıra iri avtomobil şirkətləri tərəfindən keyfiyyət sertifikatları ilə də təmin edilib.

Daha sonra “AutoStar Kaukasus” şirkətinin baş direktoru Kamil Məmmədov çıxış edərək Azərbaycanda rəhbərlik etdiyi qurum tərəfindən avtomobillərə tam zəmanətli və peşəkar texniki servis xidmətinin həyata keçirildiyini deyib. O, texniki servis xidməti zamanı “Millers oils Azerbaijan”ın istehsal etdiyi avtomobil yağlarından istifadənin müştəri məmnuniyyəti ilə yanaşı, həm də şirkətin gələcək inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

K.Məmmədov YT Parkda istehsal edilən rəqabət qabiliyyətli innovativ məhsulları yüksək qiymətləndirib, yaxın gələcəkdə “Millers oils Azerbaijan” markalı avtomobil yağları ilə tanışlıq məqsədilə bu müəssisəyə səfərin təşkilində maraqlı olduğunu bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: