Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

22.02.2019 15:13
  • A-
  • A
  • A+

Xocalı soyqırımı XX əsrin ən böyük faciələrindən biridir

Xocalı soyqırımı XX əsrin ən böyük faciələrindən biridir

AMEA-nın Zoologiya İnstitutunun Qadınlar Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan "Tarixin qan yaddaşı" mövzusunda tədbir keçirilib.

Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdən öncə "Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma" İB-nin sədri Əlövsət Qasımovun Xocalı faciəsini özündə əks etdirən sərgisinə baxış keçirilib.

Tədbir Xocalı soyqırımında həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Yığıncaqda institutun direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov çıxış edərək 27 il əvvəl ermənilərin keçmiş sovet hərbçilərinin köməyi ilə Xocalıda xalqımıza qarşı törətdikləri soyqırımı bəşər tarixinin ən dəhşətli cinayətlərindən biri kimi qiymətləndirib, məhz ümummilli lider Heydər Əliyev tərəfindən bu qanlı cinayətə siyasi və hüquqi qiymətin verildiyini diqqətə çatdırıb. O, xalqımıza qarşı törədilən qətliamların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərindən danışıb.

E.Yusifov azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və deportasiyaların tarixinə nəzər salaraq bildirib ki, qan yaddaşımıza çevrilmiş bu hadisə unudulmamalı, soyqırımı qurbanlarının xatirəsi qəlbimizdə əbədi yaşamalıdır.

Sonra çıxış edən Zoologiya İnstitutunun Qadınlar Şurasının sədri, b.ü.f.d., dosent Yeganə Mahmudova  Azərbaycanın xarici siyasətində Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına dair mühüm işlərin aparıldığını deyib. O, “Xocalıya ədalət!” beynəlxalq təbliğat və maarifləndirmə kompaniyasının bu soyqırımı dünyada tanınmasının əhəmiyyətindən danışıb. Y.Mahmudova dünyada 2 ölkənin Xocalıda baş verənləri soyqırımı, 11 ölkənin, o cümlədən ABŞ-ın 22 ştatının isə qətliam kimi tanıdığını qeyd edib.

Tədbirdə, həmçinin AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə, "Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma" İB-nin sədri Əlövsət Qasımov, BMT yanında İnsan Haqları Bürosunun Beynəlxalq Əlaqələr Departamentinin sədr müavini Firdovsi Ələkbərov, Beynəlxalq Diaspor Mərkəzinin sədri, BMT yanında İnsan Haqları Bürosunun Azərbaycan üzrə komissarı İsmayıl Ağayev, Zoologiya İnstitutunun şöbə müdiri, b.ü.f.d., dosent Adil Əliyev, aparıcı elmi işçisi, b.ü.f.d., dosent Təvəkkül İsgəndərov və digərləri çıxış edərək Xocalı hadisələrinin beynəlxalq terror aktı olduğunu vurğulayaraq, bu hadisənin günahkarlarının layiqli cəzalarını alacaqlarına əminliklərini ifadə ediblər.

Sonda Xocalı soyqırımına həsr olunan "Qəzəb" filmi nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: