www.science.az
21.02.2019 14:54

Böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin 150 illik yubileyi AMEA-da qeyd olunub

Fevralın 21-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli demokrat yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinə həsr olunan ədəbi-bədii tədbir keçirilib.

Əvvəlcə iştirakçılar Fəxri xiyabanda ədibin məzarını ziyarət ediblər.

Daha sonra Ədəbiyyat İnstitutunun foyesində bu elmi müəssisənin kitabxanası və Cəlil Məmmədquluzadənin ev-muzeyi tərəfindən yazıçının əsərlərindən və haqqında yazılmış nəşrlərdən ibarət sərgi nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan ədəbiyyatı tarixində xüsusi yer tutan böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli yaradıcılıq fəaliyyətindən, onun milli dövlətçilik, azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz xidmətlərindən danışıb.

Alim Cəlil Məmmədquluzadə yaradıcılığına, onun ədəbi-mədəni irsinə göstərilən dövlət qayğısından bəhs edərək, Prezident İlham Əliyevin bu il imzaladığı “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncama uyğun olaraq ölkəmizdə yazıçıya həsr olunmuş silsilə tədbirlərin keçirildiyini qeyd edib.

Böyük mütəfəkkirin çoxşaxəli irsinin təbliği istiqamətində görülən tədbirlərin mahiyyətindən danışan İ.Həbibbəyli onun haqqında qiymətli əsərlərin yazıldığını, ədibin yaradıcılığının tədqiq olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Cəlil Məmmədquluzadə Azərbaycan milli-ədəbi dilinin xalq dili əsasında formalaşmasında və ana dilinin saflığının qorunması uğrunda daim mübarizə aparıb. Bu gün ana dilinin saflığı uğrunda mübarizədə böyük mütəfəkkirin irsindən geniş istifadə olunur.

Qeyd olunub ki, yazıçının demokrat, azərbaycançılıq ideologiyasının tərəfdarı olması onu özündən əvvəlki və sonrakı mütəfəkkirlərdən fərqləndirən əsas elementlərdir. Onun dərin humanist məzmuna malik dram və nəsr əsərləri, bədii publisistikası özündə milli və bəşəri dəyərləri ehtiva edir.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Səadət Vahabovanın “Mirzə Cəlil yaradıcılığında milli mənlik problemi” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra Mehdiabad qəsəbəsi 1 nömrəli orta məktəbin direktoru Pənah Babayev və Abşeron Rayon Təhsil şöbəsinin əməkdaşı Səkinə Abbasova çıxış edərək müasir dövrümüzdə Mirzə Cəlil irsinə olan yeni baxışlardan, onun tədqiqi və təbliğində öncül istiqamətlərdən danışıblar.

Ədəbi-bədii yığıncaqda Mehdiabad qəsəbəsi 1 nömrəli orta məktəbin şagirdləri Cəlil Məmmədquluzadənin əsərlərindən səhnələr nümayiş etdirib, yazıçıya həsr olunmuş şeirlər səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.