Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.02.2019 14:47
  • A-
  • A
  • A+

AMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan konfrans keçirilib

AMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan konfrans keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan elmi-praktik konfrans keçirilib.

Ədəbiyyat İnstitutunun Elektron akt zalında baş tutan tədbiri Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu açaraq əlamətdar günün tarixi barədə danışıb. Bildirib ki, 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada şəhid olanların xatirəsinə ehtiram əlaməti kimi 1999-cu ilin noyabrında UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Dilin xalqın varlığı, milli kimliyi olduğunu deyən M.Nağısoylu ilk dəfə Səfəvilər İmperiyası dövründə Azərbaycan dilinin dövlət dili səviyyəsinə qalxdığını, həmin ərəfədən etibarən ana dilində yazan şairlərin sayının artdığını bildirib. Akademik bu təşəbbüsün Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam etdiyini və 1918-ci ildə ana dilinin dövlət dili elan olunduğunu xatırladıb.

SSRİ dövründə isə ana dilimizin dövlət dili səviyyəsinə yüksəldilməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu vurğulayan M.Nağısoylu ümummilli liderin iradəsi nəticəsində Azərbaycan SSR-in 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusunun verildiyini söyləyib. Eyni zamanda ulu öndərin rəhbərliyi altında hazırlanmış müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili kimi təsbit edildiyini, həmçinin ölkəmizdə yaşayan başqa xalqların dillərini sərbəst şəkildə işlətməsinə imkan verildiyini deyib.

Akademik, həmçinin son illərdə Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” və “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamların önəmini vurğulayıb, sənədlərin ana dilimizin inkişafına, təbliğinə, beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət etdiyini bildirib.

2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunduğunu xatırladan alim Azərbaycan dilinin saflığının, zənginliyinin və axıcılığının şairin qəzəllərində özünü geniş büruzə verdiyini deyib.

Daha sonra akademik Nizami Cəfərov və professor Buludxan Xəlilov çıxış edərək Azərbaycan dilinin dünyanın ən inkişaf etmiş və zəngin dillərindən biri olduğunu söyləyib, dilimizi yad ünsürlərdən qorumağın, həmçinin dilin tədrisi məsələsinə ciddi yanaşılmasının, eləcə də İnternet məkanında uşaqlar üçün ana dilində cizgi filmlərin hazırlanmasının zəruriliyini qeyd ediblər.

Konfransda, o cümlədən fil.ü.f.d. Elşad Abışovun “Azərbaycan dilinin inkişaf tarixinə bir baxış”, dosent Füzuli Mustafayevin “Kinomuz və dilimiz” və elmi işçi Rəxşanə Babazadənin “Ana dilinin saflığının qorunması” mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: