Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.02.2019 11:14
  • A-
  • A
  • A+

İctimai Elmlər Bölməsi üzrə dissertantura və doktoranturaya qəbulun nəticələri müzakirə olunub

İctimai Elmlər Bölməsi üzrə dissertantura və doktoranturaya qəbulun nəticələri müzakirə olunub

AMEA İctimai Elmlər Bölməsinin (İEB) ümumi yığıncağı keçirilib.

Əvvəlcə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. "İctimai elmlər: bu günü və sabahı" mövzusunda məruzə ilə çıxış edən alim İEB-in son illərdəki fəaliyyətindən, elmi müəssisələrdə həyata keçirilən tədbirlərdən danışıb. İ.Həbibbəyli işlərin daha da səmərəli davam etdirilməsi istiqamətində tövsiyələrini verib.

Sonra bölməyə daxil olan elmi müəssisələrdə 2018-2019-cu tədris ili üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertantura və doktoranturaya qəbulun nəticələri müzakirə olunub.

İEB-in akademik-katibi, akademik Nərgiz Axundova bildirib ki, dissertasiya mövzuları mühüm sosial-iqtisadi və mədəni-mənəvi əhəmiyyət kəsb etməli, elmin tələblərinə uyğun seçilməlidir. Alim doktorant və dissertantlara gələcəkdə də müvafiq elmi sahələrin perspektiv inkişafı üçün müasir mövzulara üstünlük vermələrini tövsiyə edib. 2018-2019-cu tədris ili üçün statistik məlumatları nəzərə çatdıran akademik-katib vurğulayıb ki, bölmə üzrə fəlsəfə doktoru hazırlığı üzrə 44, elmlər doktoru hazırlığı üzrə dissertanturaya 38, elmlər doktoru hazırlığı üzrə doktoranturaya isə 7 nəfər qəbul olunub.

Müzakirələrdən sonra dissertasiya mövzuları və elmi rəhbərlər təsdiq edilib, qəbulun nəticələrinin AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Bölmənin digər qərarları ilə Fəlsəfə İnstitutunun strukturunda, Milli Azərbaycan Tarixi Muzeyinin isə Elmi şurasının tərkibində dəyişiklik edilib. Tədbirdə, həmçinin tarix elmləri doktoru Əsədulla Cəfərovun 70 illik yubileyinin qeyd olunması ilə bağlı qərar qəbul edib.

Sonda bir sıra kadr məsələlərinə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: