www.science.az
14.02.2019 15:55

AMEA-da "Əlilliyi olan şəxslərin məşğulluğu problemləri" mövzusunda dəyirmi masa keçirilib

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda "Əlilliyi olan şəxslərin məşğulluğu problemləri" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə institutun kollektivi ilə yanaşı, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, AR Milli Məclisinin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli, Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, o cümlədən müvafiq dövlət və QHT nümayəndələri iştirak ediblər.

İclası institutun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə açaraq son illərdə ölkəmizdə fiziki imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası və onların sosial-məişət problemlərinin həlli, həmçinin inklüziv təhsilləri ilə bağlı məsələlərin diqqətdə saxlanıldığını söyləyib. Qeyd edib ki, Hüquq və İnsan Haqları İnstitutu da fiziki imkanları məhdud olan şəxslərin hüquqlarının qorunması ilə bağlı məsələləri daim gündəmdə saxlayır, müvafiq elmi-tədqiqat işləri və qanunların ekspertizasını aparır və tədbirlər həyata keçirir. A.Mustafazadə 2018-ci ildə müəssisədə “Fiziki imkanları məhdud olan şəxslərin hüquqları” adlı kafedranın açıldığını, o cümlədən “Əlilliyi olan şəxslərin məşğulluğu problemləri” kitabının işıq üzü gördüyünü diqqətə çatdırıb.

O, bu gün əlilliyi olan şəxslərin peşə təhsilinə cəlb olunması və məşğulluq problemlərinin həlli, həmçinin müəssisələrdə onlar üçün infrastrukturun qurulmasının zəruriliyini qeyd edib. A.Mustafazadə sözügedən məsələlərin həllini tapmasında cəmiyyətin hər bir fərdinin yaxından iştirak etməsinin, maarifləndirmə işlərinin aparılmasının önəminə toxunub.

Sonra akademik Nərgiz Axundova çıxış edərək cəmiyyətdə əlil insanlara qarşı münasibətin dəyişməsinin ailədən başlamalı olduğunu deyib. Bildirib ki, fiziki imkanları məhdud şəxslər cəmiyyətdən təcrid olunmamalı, bütün vətəndaşlıq haqları ilə təmin edilməlidirlər. N.Axundova, həmçinin Hüquq və İnsan Haqları İnstitutunda daima cəmiyyətin problemlərinin elmi əsaslarının işləndiyini və həlli yolları ilə bağlı tədqiqatların aparıldığını vurğulayıb.

Sonra çıxış edən Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq minimum əməkhaqqının yaşayış minimumuna uyğunlaşdırıldığını, eləcə də şəhid ailələrinə verilən müavinətin artırıldığını söyləyib.

Ötən il fiziki imkanları məhdud 2 minə yaxın şəxsin işlə təmin olunduğunu deyən H.Rəcəbli yeni qəbul olunmuş "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarında da bu məsələnin nəzarətdə saxlanıldığını deyib.

O, əlilliyi olan şəxslərin reabilitasiyası, peşə təhsili və işlə təmin olunmaları istiqamətində tədbirlərin nəzarətdə saxlanıldığını və əməli addımların atıldığını diqqətə çatdırıb.

Daha sonra fiziki imkanları məhdud şəxslərin məşğulluq problemləri, onların sosial hüquqları ilə bağlı məsələlər müzakirə edilib və bir sıra təkliflər verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.