Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.06.2014 00:00
  • A-
  • A
  • A+

Moldova Elmlər Akademiyasının prezidenti ilə görüş keçirildi

Moldova Elmlər Akademiyasının prezidenti ilə görüş keçirildi

Bu gün AMEA Rəyasət Heyətində Moldova Elmlər Akademiyasının (MEA) prezidenti, akademik Georgi Dukailə görüş keçirildi. Məqsəd Moldova ilə Azərbaycan arasında elm sahəsində əlaqələri daha da genişləndirmək və inkişaf etdirmək, bu dövlətin akademiya sistemində aparılan islahatları, əldə etdiyi təcrübə və nailiyyətləri ilə tanış olmaq idi.

Görüşdə AMEA prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Azərbaycanın Moldovadakı fövqaladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev, Moldova Azərbaycanlıları Konqresinin sədri, hüquq elmləri doktoru Vüqar Novruzov iştirak edirdilər.

Qonağı salamlayan akademik A.Əlizadə hər iki dövlət arasında uzun illərdir davam edən dostluq əlaqələrindən söz açdı. Azərbaycan elminin beynəlxalq tələblər səviyyəsinə çatdırılmasının müasir dövrün aktual məsələlərindən olduğunu söyləyən AMEA rəhbəri bu istiqamətdə həyata keçirilmiş işlər barədə məlumat verdi. Elm sahəsində davamlı, məqsədyönlü islahatların aparılmasının vacibliyindən söhbət açdı.

G.Duka MEA-nın əsas fəaliyyət istiqamətləri haqqında danışdı. Akademik bu elm ocağında 47 akademik, 60 müxbir üzv və 38 fəxri üzvün fəaliyyət göstərdiyini bildirdi.

G.Duka yüksəkixtisaslı elmi kadrların hazırlanmasında dövlət siyasətini rəhbər tutan MEA-da istedadlı uşaqlar üçün liseyin yaradıldığını, təhsil prosesində yeni strategiyalar və yüksək texnologiyaların tətbiqi istiqamətində işlərin aparıldığını bildirdi. Gəncləri elmə cəlb etmək, onların fəaliyyətini stimullaşdırmaq üçün qrant layihələrdə iştirak edən alimlərə yüksək əmək haqqının müəyyən olunduğunu diqqətə çatdırdı.

Görüşdə, həmçinin hər iki dövlətin Geologiya institutları arasında tələbə mübadiləsinin həyata keçirilməsi ilə bağlı razılaşma əldə olundu.

Sonda A.Əlizadə və G.Duka tərəfindən elmi-texniki əməkdaşlıq haqqında saziş imzalandı. Saziş iki ölkənin akademiyaları arasında birgə elmi tədqiqatlar üzrə əməkdaşlıq prosesinin möhkəmləndirilməsi, innovasiya strukturunun, texnologiyaların ötürülməsi üzrə layihələrin hazırlanması və reallaşdırılması, innovasiya sahəsində konsorsiumun yaradılması və digər məsələləri əhatə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: