www.science.az
14.02.2019 10:53

AMEA-nın alimləri Sumqayıtda ağır neftin emalı üzrə səmərəli texnoloji proseslə tanış olublar

Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru, akademik Vaqif Abbasov, AMEA prezidentinin mükafatına layiq görülmüş gənc alim, kimya elmləri doktoru İsmayıl İsmayılovYüksək Texnologiyalar Parkının (YT Park) direktoru, i.ü.f.d Nazim Şükürov, həmin müəssisənin infrastruktur üzrə direktor müavini, a.e.ü.f.d. Elxan Bayramov, strateji inkişaf üzrə direktor müavini Məmməd Bağırzadə, Xüsusi şöbənin müdiri Adil Məmmədov, baş mühəndis Mübariz Allahverdiyev, təşkilati işlər üzrə baş mütəxəssis Məmməd Qubadov, həmçinin YT Parkın rezidentliyinə iddiaçılar - “Tural-110” MMC-nin direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru Vaqif Mirzəyev və “İnkor” MMC-nin direktoru Vüqar Fərəcovdan ibarət nünaməyəndə heyəti Sumqayıt şəhərində ağır neftin emalı üzrə səmərəli texnoloji proses və mühəndis qurğusu ilə tanış olublar.

Görüşdə qeyd olunub ki, son illərdə Azərbaycan alimlərinin və mühəndislərinin iştirakı ilə Albaniya, Əfqanıstan və Qazaxıstanda ağır neftin emalı üzrə mühüm işlər həyata keçirilib, innovativ layihələr sənayeləşdirilərək sahiblərinə təhvil verilib.

Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın 2018-ci ilin sentyabr ayında YT Parka səfərini xatırladan N.Şükürov onun Azərbaycan alimlərinin iştirakı ilə ağır neftin emalı, sənaye, mühərrik və sürtkü yağları ilə bağlı istehsal sahələrinin Monqolustanda yaradılması təklifini irəli sürdüyünü bildirib. YT Parkın direktoru əlavə edib ki, AMEA prezidenti, akademik Akif Əlizadənin göstərişinə əsasən bu işlərin həyata keçirilməsi imkanları təhlil olunub və gələcəkdə kommersiyalaşdırılması nəzərdə tutulan bu layihənin işçi heyəti müəyyənləşdirilib.

Ağır neft məhsullarının və qalıqlarının emalının hazırda aktual məsələlərdən olduğunu deyən N.Şükürov fevralın 8-də NKPİ ilə YT Park arasında keçirilmiş görüş zamanı müvafiq lisenziya və patentlər, həmçinin faydalı model və sənaye üslubu ilə bağlı müzakirələrin aparıldığını qeyd edib.

Görüş zamanı İranın paytaxtı Tehran yaxınlığındakı Şəhriyar şəhərində akademik V.Abbasov və t.e.ü.f.d. V.Mirzəyevin iştirakı ilə Avro 5 standartlarına uyğun benzinin alınması qurğusunun yaradıldığı barədə məlumat verilib. Eyni zamanda NKPİ-də neftin emalının texniki-iqtisadi əsaslandırılması istiqamətində mövcud struktur və katalizatorlardan bəhs olunub.

Sonda Monqolustan neftini tam tədqiq edərək faydalı modelin qurulması, ölkə üçün əlverişli istiqamət müəyyənləşdirildikdən sonra isə istehsalın təşkil olunması qərarlaşdırılıb.

Qeyd edilənlərlə əlaqədar AMEA, özəl sektor, YT Park üçbucağı üzrə işlərin koordinasiya olunması və görüləcək işlər barədə AMEA prezidentinə məruzə edilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.