www.science.az
13.02.2019 15:03

“Filosoflar gələcəyi necə görürlər?” mövzusunda tədbir keçirilib

AMEA-nın Fəlsəfə İnstitutunda “Filosoflar gələcəyi necə görürlər?” mövzusunda seminar keçirilib.

Tədbirdə Fəlsəfə İnstitutunun kollektivi ilə yanaşı, İqtisadiyyat İnstitutunun direktoru, iqtisadi üzrə elmlər doktoru, professor Nazim İmanov, elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov və şöbə müdiri, AMEA-nın müxbir üzvü Akif Musayev iştirak ediblər.

Seminarı institutun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib.

Sonra Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadənin məruzəsi dinlənilib. Alim bildirib ki, bu gün Azərbaycan filosofları keçmişlə yanaşı, müasir dövr və yaxın gələcəklə bağlı da müəfəssəl tədqiqatlar aparmalı, bu prosesdə biologiya, sosiologiya və digər sahələrlə multidissiplinar şəraitdə işləməlidirlər.

İ.Məmmədzadə hazırda dünyanın mənzərəsinin mürəkkəbləşdiyini, bəşəriyyət üçün bir çox narahatedici məqamların, böhranların yarandığını söyləyib. Dünyanın ötən əsrdə SSRİ və ABŞ olmaqla iki qütbə bölündüyünü xatırladan alim sovet cəmiyyətinin dağılması ilə təkqütblülüyün yarandığını, artıq dünyada amerikanlaşma prosesinin getdiyini diqqətə çatdırıb. O, bu prosesin 2050-ci ilə qədər davam edəcəyini, yaxın gələcəkdə dünyada İpək Yolunun, eləcə də Çinin dominantlığının artacağını vurğulayıb.

Bu gün Asiyada müxtəlif sivilizasiyaların, mədəniyyətlərin olduğunu deyən İ.Məmmədzadə dünya iqtisadiyyatının 50 faizinin burada cəmləşdiyini, xalqların dialoqu sayəsində bütün problemlərin asanlıqla həllini tapdığını bildirib. İnstitut direktoru hazırda Avropanın da problemlərlə üzləşdiyini, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasilə böhranın getdikcə dərinləşəcəyini deyib.

O, böhranların proqnozunu verməyin mümkün olduğunu, fəlsəfə elminin yaxın illərdə bu istiqamətdə tədqiqatlar aparmaqla bəşəriyyətin xilasına töhfə verə biləcəyini söyləyib.

Bundan əlavə, elmin gələcəyi, mədəniyyətlərin və sivilizasiyaların taleyi, proqnozun metodologiyası və digər sahələrdə araşdırmalar aparmağın önəmini qeyd edib.

Tədbirdə, həmçinin Füzuli Qurbanov və institutun şöbə müdiri f.e.d., prof. Əli Abasovun məruzələri dinlənilib. Məruzələrdə gələcəyin fəlsəfi təhlili və proqnozlaşdırılması yer alıb, bir sıra tezislər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.