www.science.az
23.07.2014 00:00

AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru Türkiyə və Fransa alimləri ilə görüşüb

AMEA Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, AMEA-nın müxbir üzvü, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərov Fransanın Aqrar Tədqiqatlar Mərkəzi (İNRA) və Türkiyənin İnönü Universitetinin alimləri ilə görüş keçirib. Məqsəd çəyirdəkli meyvə bitkilərinin genetik ehtiyatlarının öyrənilməsi, xəstəliklərə davamlı genotiplərin aşkar edilməsi, ekspedisiya və təlim kurslarının keçirilməsidir.

Görüş zamanı üç qurum arasında biotexnologiya və genomika sahələri üzrə yeni əməkdaşlığın qurulması və gələcəkdə digər beynəlxalq layihələrdə birgə iştirak məsələləri müzakirə olunub.

Səfər çərçivəsində fransalı alim Silvie Dallot institutda keçirilmiş bitkilərdə yayılan “Şarka xəstəliyinin epidemiyası və virusların genetik müxtəlifliyi” mövzulu seminarda çıxış edib.

Qeyd edək ki, Avropa Komissiyasının Mariya Küri Tədqiqatçı Mübadiləsi Proqramının “Avropa, Mərkəzi Asiya və Qafqazda çəyirdəkli meyvə bitkilərinin genetik müxtəlifliyi” layihəsi çərçivəsində Azərbaycana səfərdə olan qonaqlar avqustun 15-nə kimi GEİ-nun alimləri ilə birgə tədqiqat işləri aparacaq və institutun seminarında çıxış edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.