www.science.az
13.02.2019 10:21

Ölkəmizdə Elm Gününün yüksək səviyyədə keçirilməsi məqsədilə tədbirlər planı qəbul olunub

Son illər ölkədə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində bir sıra dövlət əhəmiyyətli tədbirlər həyata keçirilir.

Bu sahədə qəbul edilmiş mühüm qərarlardan biri də dövlət başçısının Azərbaycan Respublikasında Elm Gününün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamı olub. Həmin sərəncamda hər il martın 27-sinin Azərbaycanda Elm Günü kimi qeyd edilməsi qərara alınıb. Beləliklə, 2019-cu ildə ilk dəfə olaraq ölkədə Elm Günü keçiriləcək.

Bu əlamətdar günün ölkəmizdə yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası  tədbirlər planı qəbul edib.

Tədbirlər Planına əsasən, 2019-cu ilin fevral-mart aylarında elmdə fərqlənən alimlərə AMEA-nın elmi bölmələrinin, elmi müəssisə və təşkilatlarının Fəxri fərmanlarının verilməsi, “Gənc qadınlar elmdə”, “Bitki aləmi”, “XXI əsrin ən səmərəli tətbiq işi” və digər müxtəlif nominasiyalar üzrə Rəyasət Heyəti tərəfindən müsabiqələrin keçirilməsi qərarlaşdırılıb.

Bundan əlavə, Bakıda və regionlarda Elm Günü ilə əlaqədar müasir dövrün aktual problemlərinə həsr edilmiş elmi seminarların, mühazirələrin, o cümlədən sərgilərin keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda AMEA-nın elmi müəssisə və təşkilatlarında ali və ümumtəhsil məktəblərinin tələbə və şagirdləri üçün “Açıq qapı" gününün təşkili planlaşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.