Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Cəlil Məmmədquluzadənin əsərləri özbək dilində çapdan çıxıb
11.02.2019 13:53
  • A-
  • A
  • A+

Cəlil Məmmədquluzadənin əsərləri özbək dilində çapdan çıxıb

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dünyanın müxtəlif ölkələrində böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin əsərlərini xarici dillərdə kitab halında nəşr etmək missiyasını həyata keçirir. İndiyədək akademik İsa Həbibbəylinin ideya müəllifliyi və ”Ön söz”ü ilə Cəlil Məmmədquluzadənin əsərləri Rusiyada, Misir Ərəb Respublikasında, Pakistanda, Litvada, Gürcüstanda, Macarıstanda çap olunub.

Bu günlərdə akademik İ.Həbibbəylinin ideya müəllifi olduğu “Cəlil Məmmədquluzadənin əsərləri xarici dillərdə” layihəsi üzrə görkəmli yazıçının növbəti kitabı Özbəkistanda çapdan çıxıb. Daşkənd şəhərindəki “Mümtaz söz” nəşriyyatında “Poçt qutusu” adı ilə nəşr edilmiş kitabda İsa Həbibbəylinin müqəddimə kimi verilmiş “Azərbaycan ədəbiyyatı və Cəlil Məmmədquluzadə haqqında bir neçə söz” sərlövhəli məqaləsində Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixi, görkəmli yaradıcıları və böyük ənənələrinə dair zəruri elmi məlumatlar özbək oxucularına çatdırılır. Müqəddimədə Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığının əsas məqamları, ədibin Azərbaycan ədəbiyyatına gətirdiyi mühüm yeniliklər və onun adı ilə bağlı olan sənət ənənələri geniş əhatə olunub.

“Poçt qutusu” kitabında Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povesti və “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Qurbanəli bəy”, “Pirverdinin xoruzu”, “Kişmiş oyunu”, “Saqqallı uşaq” olmaqla, ümumilikdə 26 hekayəsi özbək dilində təqdim edilib. Qeyd edk ki, bu vaxtadək Özbəkistanda Cəlil Məmmədquluzadənin cəmi 2 hekayəsi çap olunmuşdu.

Cəlil Məmmədquluzadənin povest və hekayələrini özbək dilinə Özbəkistanın görkəmli yazıçısı Usmon Koçkor tərcümə edib. Kitabda, eyni zamanda, Usman Koçkorun “Cəlil Məmmədquluzadə” adlı yazısı da yer alıb. Həmçinin tanınmış özbək alimi, filologiya elmləri doktoru, professor Həmidulla Boltaboyevin “Cəlil Məmmədquluzadə və özbək ədəbiyyatı” sərlövhəli ”Son söz”ü də verilib.

“Poçt qutusu” kitabını nəşrin məsul redaktoru, professor Həmidulla Boltaboyev çapa hazırlayıb. Kitabın redaktoru isə tanınmış publisist Qulu Kəngərlidir.

Cəlil Məmmədquluzadənin “Poçt qutusu” kitabının özbək dilində nəşr edilməsi Azərbaycan-Özbəkistan elmi-ədəbi əlaqələrinin yeni səhifələri kimi böyük əhəmiyyətə malikdir.

“Poçt qutusu” kitabının Özbəkistanda nəşr edilməsi Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə qiymətli hədiyyədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: