Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik İsmayıl Hacıyev elm sahəsində Naxçıvan Muxtar Respublika mükafatına layiq görülüb
11.02.2019 10:33
  • A-
  • A
  • A+

Akademik İsmayıl Hacıyev elm sahəsində Naxçıvan Muxtar Respublika mükafatına layiq görülüb

Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü qeyd olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək Azərbaycanın dövlətçilik tarixində Naxçıvan Muxtar Respublikasının mühüm rola malik olduğunu qeyd edib. Bildirib ki, hələ VII əsrdə, ərəblərin gəlişi zamanı burada müstəqil idarəçilik olub, X əsrdə Naxçıvan Şahlığı feodal dövləti yaranıb. Naxçıvan şəhəri XII əsrdə Azərbaycan Atabəylər dövlətinin paytaxtı olub, XVIII əsrdə isə Naxçıvan xanlığının siyasi mərkəzi kimi inzibati idarəçiliyin formalaşmasına öz töhfəsini verib. 1918-ci ildə Naxçıvanda bir milyondan çox əhaliyə malik Araz-Türk Respublikası yaradılıb. 1924-cü ildə isə Naxçıvana muxtar respublika statusu verilib. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əsasən həmin tarixdən Naxçıvan Muxtar Respublikası muxtar dövlətdir.

"Naxçıvanın muxtariyyəti asanlıqla qazanılmamış, böyük tarixi, hərbi-siyasi və diplomatik mübarizələrin nəticəsi kimi meydana çıxmışdır" - deyə bildirən Ali Məclis Sədri Naxçıvanın muxtariyyət statusunun möhkəmlənməsində bu illər ərzində qəbul olunmuş konstitusiyaların mühüm rolunu önə çəkib. Qeyd edib ki, 1926-1978-ci illərdə Naxçıvan Muxtar Respublikasının üç konstitusiyası, ölkəmiz müstəqillik qazandıqdan sonra, 1998-ci il dekabrın 29-da isə yeni konstitusiyası qəbul olunub.

Vasif Talıbov vurğulayıb ki, ulu öndər Heydər Əliyevin quruculuq yolu ilə gedən Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi sahədə də böyük inkişafa nail olub. Bu gün Naxçıvan Muxtar Respublikası özünün böyük tarixi keçmişinə və milli dəyərlərinə sahibdir. Qədim tarixi abidələrimiz, gələcəyimiz olan gənc nəsil himayə olunur, milli adət və ənənələrin qorunması üçün tədbirlər görülür. Naxçıvan artıq beynəlxalq elm, mədəniyyət və idman tədbirlərinə də ev sahibliyi edir, elmi konfrans və simpoziumlar, rəsm festivalları keçirilir. Naxçıvan Muxtar Respublikası enerji, informasiya, ərzaq və müdafiə təhlükəsizliyi yüksək səviyyədə təmin olunan diyardır.

Sonra Naxçıvan Dövlət Televiziyasının hazırladığı "Muxtariyyətin 95 ili" filminə baxış olub.

Tədbirdə Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası təltiflərinin və mükafatının təqdimatı olub.

Qeyd olunub ki, ölkə Prezidentinin 2018-ci il 25 iyun, 10 oktyabr, 19 oktyabr, 30 oktyabr, 20 noyabr, 5 dekabr, 25 dekabr, 2019-cu il 31 yanvar tarixli Sərəncamları ilə muxtar respublikada səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs 1-ci, 2-ci və 3-cü dərəcəli “Əmək” ordenləri, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “İgidliyə görə”, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları, Azərbaycan Respublikasının “Əməkdar Mühəndisi” və Azərbaycan Respublikasının “Əməkdar Kənd Təsərrüfatı İşçisi” fəxri adları ilə təltif olunublar.

Ali Məclisin Sədri orden, medal və fəxri adların döş nişanlarını və vəsiqələrini təltif olunanlara təqdim edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 8 fevral tarixli Sərəncamına əsasən “Naxçıvan Azərbaycan dövlətçilik tarixində” kitabı elm sahəsində Naxçıvan Muxtar Respublika mükafatına layiq görülüb.

Ali Məclisinin Sədri “Naxçıvan Azərbaycan dövlətçilik tarixində” kitabına görə Naxçıvan Muxtar Respublika mükafatını kitabın müəllifi, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevə təqdim edib.

Akademik İ.Hacıyev muxtar respublikanın 95 illik yubileyində əməyinə verilən yüksək qiymətə görə Naxçıvan Bölməsinin kollektivi və elm adamları adından Ali Məclisin Sədrinə minnətdarlıq edib. O, muxtar respublikada elmin inkişafı sahəsində ardıcıl tədbirlərin görüldüyünü, 95 illik muxtariyyət tarixinin ötən 25 ilə yaxın bir dövründə bütün sahələrdə inkişaf, tərəqqi və sabitliyin təmin edildiyini bildirib. 

Daha sonra Ali Məclis Sədrinin 2019-cu il 8 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə təltif olunmuş bir qrup şəxsə fəxri adların döş nişanları və vəsiqələri təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: