Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Bölmədə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi qeyd olunub
06.02.2019 15:28
  • A-
  • A
  • A+

Bölmədə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi qeyd olunub

AMEA-nın Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və müasirlik” mövzusunda elmi konfrans keçirilib.

Tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 21 yanvar 2019-cu il tarixində təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən baş tutub.

Konfransı bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsirlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçib. Qeyd edib ki, bu günə qədər Naxçıvan ərazisində Naxçıvan şahlığı, Naxçıvan tüməni, Naxçıvan sancağı, Naxçıvan xanlığı, Araz-Türk Respublikası, Naxçıvan MSSR və Naxçıvan Muxtar Respublikası kimi müstəqil, yarımmüstəqil dövlət qurumları, inzibati ərazi vahidləri olub.

Akademik çarizmin devrilməsindən sonra Naxçıvanı işğal etməyə çalışan erməni silahlı quldur dəstələrinin bölgədə dinc azərbaycanlılara divan tutduğunu, yerli əhalinin sayını süni surətdə azaltmağa çalışdığını söyləyib. Diqqətə çatdırıb ki, 1918-1921-ci illərdə cərəyan edən proseslərin, оnlаrа təsir edən daxili və xarici amillərin, iki mühüm beynəlxalq müqavilənin, siyasi xadim, diplomat Behbud ağa Şahtaxtinskinin təklifləri və qardaş Türkiyənin köməyi nəticəsində Naxçıvan Azərbaycanın tərkibində muxtariyyət statusu qazanıb.

İ.Hacıyev ümummilli lider Heydər Əliyevin Naxçıvanın həm ərazisinin, həm də muxtariyyət statusunun qorunub saxlanılması istiqamətində gördüyü işləri, onun möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirləri də diqqətə çatdırıb. Naxçıvanın 95 ildir muxtar respublika statusuna malik olduğunu xatırladan alim bu gün bölgənin Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına öz layiqli töhfəsini verdiyini bildirib.

Konfransda, həmçinin bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları Emin Şıxəliyevin “Muxtariyyət ərəfəsində Naxçıvan diyarında ictimai-siyasi vəziyyət”, Asəf Orucovun “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”, Musa Quliyevin “Moskva və Qars beynəlxalq müqavilələri”, Zeynəb Quliyevanın “Naxçıvan Muxtar Respublikasının inkişaf yolu” və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımovun “Muxtariyyət illərində elmin inkişafı və elmi məktəblər” mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: