www.science.az
06.11.2013 00:00

Akademik M.Nağıyevin 105 illiyinə həsr olunmuş Respublika elmi konfrans keçirildi

Son illərdə aparılmış elmi-tədqiqat işlərinin nəticələrini alimlərə çatdırmaq, mütəxəssislər arasında informasiya mübadiləsini təşkil etmək məqsədilə keçirilən bu elmi konfransda neft-kimya və texnologiya, kimyəvi reaksiyaların mexanizmi, kinetikası və termodinamikası, fiziki, üzvi və qeyri-üzvi kimya, elektrokimya, alternativ enerji mənbələrinin işlənilməsi və kimya elminin digər sahələrində çalışan görkəmli alimlər, professorlar, AMEA institutlarının direktorları, KİV nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə AMEA Kimya Problemləri İnstitutunun direktoru, akademikAğadadaş Əliyev açdı. O, elm tarixində xüsusi yer tutan alimin keşməkeşli həyat yolundan, elmi fəaliyyətindən, kimya sahəsinə gətirdiyi yeniliklərdən və əldə etdiyi nailiyyətlərdən danışdı:“Akademik M.Nağıyev Azərbaycan EA-da müxtəlif rəhbər vəzifələrdə-Azərbaycan EA Neft İnstitutunun şöbə müdiri (1942-1945), direktoru (1946-1956), Azərbaycan EA Fizika-texnika bölməsinin akademik-katibi (1956-1957), AEA prezidentinin müavini (1957-1959), Azərbaycan EA Neft-Kimyası Prosesləri İnstitutunun direktoru (1959-1961), Azərbaycan EA akademik-katibi (1961-1966) çalışmışdır. M.Nağıyev kimya texnologiyasında resirkulyasiya proseslərinin nəzəriyyəsinin yaradıcısıdır. Resirkulyasiya nəzəriyyəsi mürəkkəb kimya texnoloji komplekslərin modelləşdirilməsi, optimallaşdırılması və optimal idarə edilməsi problemlərinin həlli üçün imkan yaratmışdır. Kimya texnologiyası nəzəriyyəsinə M.Nağıyevin superoptimallıq prinsipi kimi formalaşmış yeni bir anlayışı daxil olmuşdur.”

M.Nağıyevin elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də daima məşğul olduğunu bildirən A.Əliyev Azərbaycan dilində neft emalı texnologiyasına dair ilk dərsliyin müəllifi olduğunu qeyd etdi. O, M.Nağıyevin elmi-tədqiqat işlərinin nəticələrinin 30 fundamental monoqrafiyada öz əksini tapdığını, “Kimya texnologiyasında resirkulyasiya proseslərinin nəzəriyyəsi” monoqrafiyasının bir sıra xarici dillərə (ingilis, alman, çin) tərcümə edildiyini bildirdi. Tədbirdə akad. M.Nağıyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Konfransda akademik A.Əliyev “Katalizatorun qeyri-stasionar aktivliyi nəzərə alınmaqla kimya texnologiyası komplekslərinin avtomatik idarə olunması metodu”, AMEA-nın müxbir üzvü A.Əzizov “CO2-nin kimyəvi xammal kimi perspektivləri”, AMEA-nın müxbir üzvü M.Salahov “Dils-Alder adduktlarının istiqamətli sistemində “quruluş-xassə” korrelyasiyasının rolu”, professor V.Əhmədov “Oksidləşdirici olmayan şəraitdə metanın oliqomerləşməsi” mövzusunda elmi məruzələrlə çıxış etdilər. Tədbirdə, həmçinin BDU-nun rektoru, akademik Abel Məhərrəmov, AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Dilqəm Tağıyev və başqaları M.Nağıyevin xatirəsinə dair çıxışlar etdilər.

Qeyd edək ki, akademik Murtuza Nağıyevin 105 iliyinə həsr olunmuş elmi konfransın materialları iki cildlik kitab şəklində nəşr olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.