www.science.az
06.02.2019 13:35

AMEA-nın İkinci xüsusi şöbəsinin seminar-məşğələsində bir sıra məsələlər müzakirə olunub

AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.

AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirak etdiyi tədbiri şöbənin rəisi Eldar Quliyev açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

E.Quliyev AMEA-da mülki müdafiəyə dair seminar, məşğələ və digər tədbirlərin "Mülki Müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" ölkə başçısının 18 aprel 1998-ci il tarixli Fərmanı, Nazirlər Kabinetinin "Mülki müdafiənin təmin edilməsi barədə" 1998-ci il 25 sentyabr tarixli 193 nömrəli Qərarı, Fövqəladə Hallar Nazirliyinin (FHN) tövsiyələri və akademiyanın Tədbirlər Planına əsasən təşkil olunduğunu bildirib.

O, AMEA-nın elmi müəssisə və təşkilatlarında başlıca diqqətin MM sahəsində maarifləndirmə işlərinə, əməkdaşların ehtimal olunan fövqəladə hadisələrin təsirindən qorunması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsinə, ilkin tibbi və özünə yardım, eləcə də digər zəruri hallarla bağlı bilikləndirilməsinə yönəldiyini vurğulayıb.

Şöbə rəisi bəzi müəssisələrdə rəhbər heyətin mülki müdafiə məşqinin keçirilmə metodikasının düzgün mənimsənilmədiyini və yanlışlıqlara yol verildiyini deyib. O, yaranan çatışmazlıqların aradan qaldırılması barədə müvafiq tapşırıqlarını çatdırıb.

Bundan əlavə, elmi müəssisə və təşkilatlarda mülki müdafiəyə aid əmlakların, fərdi mühafizə vasitələrinin invertarizasiyadan keçirilməsi və aktlarının İkinci xüsusi şöbəyə təqdim edilməsi, həmçinin  1 Mart - Beynəlxalq Mülki Müdafiə Gününün yerlərdə yüksək səviyyədə təşkil olunması barədə qərargah rəislərinə tapşırıqlar verib.

Sonra şöbənin baş mütəxəssisi Oqtay Fərzəliyev "Rəhbər heyətin mülki müdafiə məşqinin keçirilmə metodikasının öyrənilməsi" mövzusunda təqdimatla çıxış edib. Qeyd edib ki, rəhbər heyətin mülki müdafiə məşqləri Nazirlər Kabinetinin 193 nömrəli Qərarına əsasən ildə bir dəfə keçirilir. O.Fərzəliyev məşqlərə müəssisə direktorunun rəhbərlik etdiyini və iki hissədən - məşqlərə hazırlıq və məşqin keçirilməsi prosesindən ibarət olduğunu bildirib. Məşqlərin keçirilməsinə 1 ay qalmış MM qərargah rəisləri tərəfindən hazırlıq işlərinə başlanıldığını deyən O.Fərzəliyev vurğulayıb ki, bu barədə əmr verilməli, müəssisələrdə elan asılmalı və iştirakçılar məlumatlandırılmalıdır.

O, daha sonra iştirakçıların suallarını cavablandırıb.

Seminarda, o cümlədən "Fövqəladə hallar zamanı davranış qaydaları" adlı yaddaş kitabçasının elmi müəssisə və təşkilatlarda çoxaldılıb şöbə və laboratoriya rəhbərlərinə dəsr vəsaiti kimi paylanılmasının vəziyyəti haqqında qərargah rəislərinin məlumatları dinlənilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.