Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

06.02.2019 13:48
  • A-
  • A
  • A+

Prezident Kitabxanasında Yaqub Mahmudovun xarici dillərdə çap olunan kitablarının təqdimatı olub

Prezident Kitabxanasında Yaqub Mahmudovun xarici dillərdə çap olunan kitablarının təqdimatı olub

Fevralın 6-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun xarici dillərdə nəşr olunan kitablarının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində kitabxananın direktoru Mayıl Əhmədov çıxış edərək Yaqub Mahmudovun Azərbaycan tarix elminə verdiyi töhfələrdən və əsərlərinin əhəmiyyətindən danışıb.

Sonra çıxış edən Milli Məclisin deputatı Fəzail Ağamalı tarixçi alim Y.Mahmudovun milli dövlətçilik tariximizdə mühüm rol oynamış Ağqoyunlu və Səfəvi dövlətlərinin xarici siyasəti və diplomatik əlaqələri, Azərbaycan diplomatiyasının tarixi, xalqımızın etnik siyasi tarixi, dövlətçilik ənənələri və intibah mədəniyyəti, Azərbaycanın tarixi torpaqları və ayrılmaz hissəsi olan Qarabağ, Naxçıvan və İrəvanın etnik və siyasi tarixi, iqtisadi inkişaf mərhələləri, Heydər Əliyev şəxsiyyəti, onun zəngin irsinin və ideyalarının davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti və bu siyasətin uğurlarını Azərbaycan dövlətçiliyinin tarixi fonunda araşdırdığını qeyd edib. Bildirib ki, Prezident İlham Əliyevin çağırışları, tapşırıq və tövsiyələri ilə Tarix İnstitutunda son 15 ildə Azərbaycan tarixinin ən mühüm problemləri saxtalaşdırmalardan və təhriflərdən təmizlənib. İnstitutda Qarabağ, İrəvan, Naxçıvan, soyqırımları və itirilmiş torpaqların tarixi araşdırılaraq, tarixi həqiqəti əks etdirən əsərlər yazılıb. 

Tədbirdə Tarix İnstitutunun elmi işlər üzrə direktor müavinləri, tarix üzrə elmlər doktoru Tofiq Nəcəfli, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli və digərləri çıxış edərək Y.Mahmudovun xarici dillərdə nəşr olunan əsərlərinin Azərbaycan tarixinin dünyaya çatdırılmasında mühüm rolunu vurğulayıblar. Bildirilib ki, Tarix İnstitutunun nəşrləri Türkiyə, Rusiya, Ukrayna, Pakistan, Latın Amerikası, Avropa, eləcə də ərəb ölkələrində yayılıb.

Sonda Prezident Kitabxanasının kollektivinə tədbirin təşkilinə görə təşəkkürünü bildirən Yaqub Mahmudov ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan tarixinə layiqli diqqət və qayğının göstərildiyini və Prezident İlham Əliyevin də bu işi uğurla davam etdirdiyini söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: