www.science.az
06.02.2019 09:44

Aşqarlar Kimyası İnstitutunda gənc alimlər və məktəblilərlə görüş keçirilib

AMEA-nın akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Türkiyənin İzmir şəhərində baş tutan “OKSEF-2018” məktəblilərin beynəlxalq elmi layihə olimpiadasının bürünc medalçıları, Azərbaycan Britaniya Kollecindəki Bilik sərgisinin gümüş medalçıları, “Sabahın alimləri” VIII respublika müsabiqəsinin iştirakçıları, eləcə də müəssisənin magistrantları və gənc alimləri ilə görüş keçirilib.

Tədbirdə AMEA-nın Kimya Elmləri Bölməsinin (KEB) akademik-katibi vəzifəsini icra edən, institutun direktoru, akademik Vaqif Fərzəliyev açaraq orta ümumtəhsil və ali məktəblərdə istedadlı gənclərin aşkara çıxarılıb elmə cəlb edilməsinin akademiyada həyata keçirilən islahatların başlıca istiqamətlərindən biri olduğunu deyib. Bildirib ki, KEB-də də bu islahatlara uyğun olaraq mütəmadi tələbə, magistrant və məktəblilərlə görüşlər keçirilir, laboratoriyalarda aparılan elmi tədqiqatlarla tanış olmağa dəvət edilirlər.

V.Fərzəliyev gələcəkdə də gənclərin elmə cəlb olunması üçün müxtəlif həvəsləndirmə tədbirlərinin keçiriləcəyini diqqətə çatdırıb.

Sonra institutun Həmkarlar Təşkilatının sədri, k.ü.f.d., dosent Elxan İsakov və Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d., dosent Əfsun Sucayev çıxış edərək magistrant və məktəblilərin əldə etdikləri nailiyyətləri yüksək qiymətləndiriblər.

Sonda akademik V.Fərzəliyev elm olimpiadaları və bilik sərgisində fərqlənən gənclərə sertifikat və diplomlar təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.