www.science.az
22.07.2014 00:00

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 139 il ötür

22 iyul 1875-ci il tarixdə ölkədə ilk mətbu orqan olan, əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan Milli Mətbuatı yaranmışdır.

Cəmi 2 il fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycanda maarifçilik hərəkatının formalaşmasında əsas rol oynamış “Əkinçi” qəzeti fanatizm, cəhaləti aradan qaldırmaq, xalqı elmə, maarifə, tərəqqiyə çağırmaq, onun elmi-mədəni səviyyəsini yüksəltmək yolunda ciddi addımlar atmışdır.

Azərbaycan Milli Mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.

Ötən 139 il ərzində müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynamışdır. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan vermisdir.

Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunmaqla yanaşı, internet jurnalistika da inkişaf edir.

Bu gün peşə bayramını qeyd edən bütün həmkarlarımızı Azərbaycanda 1995-ci ildə fəaliyyətə başlamış ilk veb-sayt olan AMEA-nın science.gov.az portalı adından təbrik edir, fəaliyyətlərində uğurlar diləyirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.