Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.02.2019 16:21
  • A-
  • A
  • A+

Akademik Yaqub Mahmudov "Gənclərin dostu" mükafatı ilə təltif olunub

Akademik Yaqub Mahmudov "Gənclərin dostu" mükafatı ilə təltif olunub

AMEA-nın Əsas binasında Tarix İnstitutunun təşkilatçılığı ilə 2 Fevral - Gənclər Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri institutun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri Rəşad Mustafa açaraq rəhbərlik etdiyi şuranın 2018-ci ildəki fəaliyyətinə dair hesabat verib. Bildirib ki, müəssisənin gənc əməkdaşları ötən dövr ərzində AMEA-nın və institutun elmi-ictimai fəaliyyətində yaxından iştirak edib, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı beynəlxalq konfranslara qatılıb, məqalələrlə çıxış ediblər.

R.Mustafa, həmçinin hesabat ilində məktəblilər arasında "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq" və "Gənc tarixçilərin qış məktəbi" adlı layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Bundan əlavə, müəssisənin bir qrup gənc aliminin mixi yazıları və osmanlı xətlərini bildiyini vurğulayıb.

Sonra institut tərəfindən 2018-ci ildə təsis olunan "Gənclərin dostu" mükafatı təqdim edilib.

Gənclərin alim kimi yetişməsində rolu və xidmətlərinə görə, Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov sözügedən mükafatla təltif olunub.

R.Mustafa akademikə mükafatını təqdim edib.

Tədbirdə çıxış edən Y.Mahmudov Azərbaycan xalqının zəngin elmi potensiala malik olduğunu, Nəsirəddin Tusi, Yusif Məmmədəliyev, Lütfi Zadə və digər dünya şöhrətli alimlər yetişdirdiyini bildirib.

Akademik son illərdə Tarix İnstitutunda gənclərin elmi fəaliyyətlə məşğul olmaları üçün lazımi şəraitin yaradıldığını, onların beynəlxalq elmi müəssisələrdə tədqiqatlara cəlb edildiklərini söyləyib. Y.Mahmudov bu gün rəhbərlik etdiyi müəssisədə Azərbaycan xalqına və dövlətinə sadiq gənclərin yetişdirildiyini, onların təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəallıq göstərdiklərini deyib.

O, daha sonra Azərbaycan gəncliyinə səslənərək onları tariximizə sahib çıxmağa və dünyada təbliğ etməyə çağırıb.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov isə respublikada, o cümlədən akademiyada gənclərin inkişafı istiqamətində görülən mühüm işlərdən danışıb. F.Salmanov bu istiqamətdə Dövlət Proqramlarının qəbul edildiyini, sərəncam və fərmanların imzalandığını xatırladıb. Qeyd edib ki, sözügedən sənədlərdə gənclərin elmə həvəsləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi kimi mühüm məsələlər yer alıb.

Sonda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin "Gənc tarixçilərin qış məktəbi" layihəsində iştirak edən şagirdlərinə sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: