www.science.az
01.02.2019 09:46

“Horizon-2020” proqramına müraciətlə bağlı növbəti maarifləndirici seminar keçirilib

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının “Horizon-2020” proqramına müraciət qaydaları barədə növbəti maarifləndirici seminar keçirilib.

Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə akademiyanın Biologiya və Tibb və Yer elmləri bölmələrinə aid olan elmi müəssisələrin beynəlxalq əlaqələr üzrə şöbə müdirləri və məsul şəxsləri, həmçinin alim və mütəxəssisləri iştirak ediblər.

Seminarı idarənin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib, “Horizon-2020” proqramı üzrə milli əlaqələndiricilərin yeni tərkibini təqdim edib.

Avropa İttifaqının elmi tədqiqat və innovasiyaları dəstəkləyən “Horizon-2020” proqramı haqqında danışan alim bildirib ki, layihənin məqsədi elmin inkişafının daha yüksək səviyyəyə çatdırılmasına, innovasiya və elmi tədqiqatların sənayedə tətbiqinə, cəmiyyətdə sağlam həyat və qidanın təhlükəsizliyinə, ətraf mühitin qorunmasına, enerji və digər təbii ehtiyatların səmərəli istifadə edilməsinə yönəlmiş tədqiqatlar aparmaqdır.

O, 2020-ci ildə başa çatacaq layihənin büdcəsinin 80 milyard avro olduğunu, böyük imkanlara malik proqrama fərdi, eləcə də kollektiv şəkildə müraciət edilə biləcəyini söyləyib. Avropa Birliyinin “Şərq tərəfdaşlığı” ölkələri sırasında “Horizon-2020” proqramına Azərbaycandan müraciətlərin yetərincə qeydə alınmadığını deyən E.Əlirzayeva elmi müəssisə və təşkilatların beynəlxalq əlaqələr üzrə məsul şəxslərinə bu istiqamətdə səylərini artırmaları barədə müvafiq tövsiyələrini verib.

Sonra “Horizon-2020” proqramının Avropa Tədqiqat Şurası istiqaməti üzrə milli əlaqələndiricisi İlham Hümbətov, Hüquq və maliyyə aspektləri üzrə milli əlaqələndiricisi Tofiq Babayev, İqlim fəaliyyəti, resurs səmərəliliyi və xammal üzrə milli əlaqələndiricisi Rövşən Kərimov, Ağıllı, yaşıl və inteqrasiya olunmuş nəqliyyat üzrə milli əlaqələndiricisi Qulam Babayev, Mari Skladovskaya Küri Təqaüd Proqramı üzrə milli əlaqələndiricisi Zaur Həsənov və Ərzaq təhlükəsizliyi, davamlı kənd təsərrüfatı, dəniz və dəniz tədqiqatları, bioekonomika və biotexnologiya üzrə milli əlaqələndiricisi Fərid Seyfullayev çıxış edərək "Horizon-2020"nin strukturu və tərkib hissələri, hüquqi aspektləri, proqramda tədqiqatçıların və müəssisələrin qeydiyyatdan keçməsi, eləcə də layihələrin yazılma qaydası və göndərilməsi, partnyorların tapılması, layihələrin komissiya tərəfindən qiymətləndirilməsi meyarları barədə məlumat veriblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.